
Sentyabrın 29-u uzun müddət sonra Azərbaycan universitetlərində əyani dərslər bərpa olundu.
Ancaq pandemiyadan müdafiə, əyani tədrisin davamlılığının təmin edilməsi, universitet heyətinin sağlamlığının qorunması kimi səbəblərlə ali təhsil müəssisələri tədrisin təşkili ilə bağlı yeni qərarlar qəbul edib.
Həmçinin, ilk dərs günü təhsil müəssisələrinin girişində tələbələrin vəsiqəsi, COVİD-19 pasportu, immun və əks göstəriş sertifikatlarının tək-tək yoxlanılması zamanı bəzi universitetlərdə yaranan sıxlıq izdihama səbəb olub.
Bəs universitetlərdə yeni tədris ilində dərslər necə keçiriləcək? Universitetlərdə yaranan sıxlıq necə aradan qaldırılacaq?
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bu gün AzTU-da sıxlığın müşahidə olunmadığını bildirib:
“Bu gündən ali məktəblərdə tədrisin əyani formada təşkilinə qərar verilib. Sentyabrın 22-də isə Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərarını açıqlayıb. Həmin qərara uyğun olaraq AzTU-da auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla (tələbələr arasında 1 metr məsafə saxlanılmaqla) istifadə olunacaq. Professor-müəllim heyətinin eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılacaq. Sıxlıq yaranmaması üçün tələbələrin universitetə daxil olması iki ayrı qapıdan həyata keçirilib”.
Mətbuat katibi universitetdə mühazirələrin onlayn, məşğələlərin isə əyani olacağını bildirib:
“Azərbaycan Texniki Universitetində (AzTU) tədris həm ənənəvi, həm də onlayn təşkil olunub. Həftənin 1,3 və 5-ci günləri dərslər onlayn olacaq. Həmin günlər mühazirə dərsləri keçiriləcək. Məşğələ dərsləri isə həftənin 2-ci və 4-cü günləri ənənəvi formada təşkil ediləcək. Sentyabrın 29-u 3-cü gün olduğu üçün 2,3 və 4-cü kursların dərsləri onlay təşkil olunacaq. 1-ci kurslar isə universitetə tanışlıq üçün dəvət olunub. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 pasportu tələb olunmur”.
O universitetdə tələbələrin yoxlanılması prosesindən danışıb:
“İlk olaraq tələbələrin temperaturu yoxlanılır. Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərir. Bundan başqa girişdə dezinfeksiya tuneli quraşdırılıb. Bu həm temperaturu ölçür, həm də dezinfeksiya edir. Bundan başqa hər iki girişdə ümumilikdə 10 ədəd turniket quraşdırılıb. Onu da qeyd edim ki, turniketdən istifadə etmək üçün tələbələrə smart kartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smart karta inteqrasiya olunub. Bu da o deməkdir ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr (18 yaşdan yuxarı) avtomatik müəyyən olunur. 18 yaşdan yuxarı COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr universitetə buraxılmayacaq. Qeyd edim ki, artıq tələbələrin 83%-i, müəllim və əməkdaşların isə 92%-i vaksinasiyadan keçib”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva bu gün ilk gün olduğu üçün müəyyən qədər sıxlığın müşahidə olunmasının gözlənilən olduğunu bildirib:
“Bu gün bütün ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində də əyani dərslər bərpa olundu. Yəni bu gün uzun müddət sonra ilk dəfə universitet qapılarını tələbələrin üzünə açdı, çox sevincliyik. Çünki uzun müddət həsrət qaldığımız tələbələrimizin gənclik coşqusu, səs-küyləri universitetimizi bürüdü, bu, bizim üçün sevindirici haldır. Mənim də sosial şəbəkələr vasitəsilə bu gün bəzi universitetlərin qarşısında sıxlığın yaranması ilə bağlı məlumatım oldu. Bu təbii haldır, nəzərə alaq ki, uzun müddətdir dərslər olmayıb, bu gün ilk gündür. Eyni zamanda pandemiyadan müdafiə qaydalarına uyğun olaraq tələbələrin yoxlanması sadə bir proses deyil. Ona görə bu izdihamın müşahidə olunacağı gözlənilən idi.Buna baxmayaraq ilk dərs günü bizim universitetdə çox ciddi bir sıxlıq müşahidə olunmadı, çünki əvvəlcədən bunları nəzərə alaraq müəyyən tədbirlər görmüşdük. Belə ki, Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə universitetin aktiv və yuxarı kurs tələbələri hər bir fakültənin adının qeyd olunduğu lövhə ilə universitetin girişində dayanmışdılar. Bu xüsusi ilə də birinci kurslar üçün nəzərdə tutulmuşdu. Çünki birinci kursların əksəriyyətinin yaşı 18-dən aşağı olduğu üçün onlarda COVİD-19 pasportu yoxlanılmır. Bu proseslə bir onların rahat şəkildə universitetə daxil olması və öz fakultələrinə, auditoriyalarına yerləşmələrini təmin etmiş olduq. Digər tələbələrdən isə təbii olaraq hər gün COVİD-19 pasportu, immun və əks göstəriş sertifikatları tələb olunacaq, bu yoxlanışı da universitetin mühafizə xidməti həyata keçirir”.
Şöbə müdiri AzMİU-da dərslərin hansı formada təşkil ediləcəyini açıqlayıb:
“Bu gün ilk gün olduğu üçün bir qədər sıxlıq müşahidə oluna bilər. Ancaq ümid edirik ki, növbəti günlərdə bu sıxlıq təkrarlanmayacaq. Çünki AzMİU-da dərslər hibrid formada təşkil olunacaq. Əsasən mühazirələr onlayn formada təşkil olunacaq. Belə ki, tələbə həftədə 2 gün onlayn dərslərdə iştirak edəcək, 3 gün isə universitetdə ənənəvi dərslərə qoşulacaq. Bu səbəblə qarışıqlıq müşahidə olunmayacaq. Bu gün universitetlərdə müəyyən qədər sıxlığın müşahidə olunması ilk gün olduğu üçün təbiidir. Düşünürəm ki, bu irad tutulmamalıdır,normal prosesdir, gözlənilən idi. Bununla yanaşı, universitetin bütün korpusları dezinfeksiya olunub, tədris prosesinə tam hazır şəkildədir. Korpusların hər bir mərtəbəsində dezinfeksiya vasitələri yerləşdirilib. Mühafizə xidmətləri əlcək, maska və temperatur ölçənlərlə təmin olunub. Tələbələrin hər birindən maska taxmaq tələb olunacaq, maskasız olanlara isə mühafizə xidməti tərəfindən maskalar təqdim olunacaq. Auditoriyalarda tələbələr arasında sosial məsafələrə də diqqət ediləcək. Bu qaydalara ciddi riayət olunması təkcə tələbələrin deyil. Müəllimlərin sağlamlığı üçün də çox vacib əhəmiyyət kəsb edir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin direktoru Bəhruz Nəzərov tədrisin davamlılığının təmin edilməsi məqsədilə universitetdə görülən tədbirlərdən danışıb:
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sentyabrın 29-dan etibarən əyani tədrisə start verilib. Universitetə tələbələrin giriş-çıxışının sıxlıq yaranmadan rahat şəkildə həyata keçirilməsi məqsədi ilə 5 hissədən giriş-çıxış üçün şərait yaradılıb. Hər girişdə avtomatik dezinfeksiya avadanlıqları quraşdırılıb, tələbələrin hərarətinin məsafədən ölçülməsi üçün termovizorlarlar yerləşdirilib. Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərindən biri də ali təhsil müəssisələrinin auditoriyalarında tələbələrin sayının 70%-dən artıq olmamasıdır. Bunu nəzərə alaraq və sosial məsafənin də təmin edilməsi məqsədi ilə belə bir haşiyəyə də çıxılıb ki, universitetlərdə tələbələrin sosial məsafə nəzərə alınaraq yerləşdirilməsi müəssisələrin öz ixtiyarına buraxılıb”.
Direktor universitetdə dərslərin təşkili qaydası və yolxuma halının müşahidə oluanacağı halda alınana tədbirlər haqqında məlumat verib:
“ADNSU-da web auditoriya sistemi mövcuddur. Daha yeni audio, video avadanlıqların alınması ilə onlayn formatda tədrisə qoşulan tələbələrin maksimal dərəcədə canlı dərs efekktini yaradan tədris təşkil olunub. Dərslər alt-üst həftələrə uyğun təşkil olunur. Məsələn, qrupda 30 nəfər var, onlardan 20-si əyani şəkildə dərsdə iştirak edir, qalan 10 nəfər isə onlayn formatda qoşulur. Bu iki həftə belə davam edir, daha sonra onların yeri dəyişir. Qalan hissə universitetə gəlir, digər hissə isə onlayn formatda dərsə qoşulur. Bu proses bizə müəyyən imkanlar yaradır. Məsələn, növbəti günlərdə yolxuma arta, hətta tələbələr arasında da yolxuma halları müşahidə oluna bilər. Bu zaman həmin tələbə proqramdan geri qalmadan dərslərə onlayn formatda qoşula bilər. Eyni zamanda yolxuma halı baş verərsə həmin tələbənin qrup yoldaşları 3 gün ərzində COVİD-19 testi verməlidir. Testin nəticəsini gözlədiyi müddətdə, həmçinin digərlərinin də testinin pozitiv çıxacağı halda dərslərdə onlayn olaraq iştirak etməsi onlar üçün əlverişli olacaq. Nəticə olaraq tələbələr dərslərdən geri qalmır. Tələbə sayı 15—dən az olan qruplarda dərslərin tam şəkildə əyani formada təşkili təmin edilir”.
Direktor son olaraq, -“Pandemiya şəraitində hər hansı bir problemə yaranacağı təqdirdə məsələnin operativ şəkildə həlli ilə bağlı işçi qrupu fəaliyyət göstərir. Bununla bağlı olaraq korpusların hər bir mərtəbəsində təcrid olunma üçün otaqlar ayrılıb”-deyə bildirib.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı universitetdə onlayn dərslərin təşkilinin nəzərdə tutulmadığını bildirib:
“Bu gündən etibarən digər ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dillər Universitetində də tədris əyani olaraq bərpa olundu. ADU-da onlayn dərslərin təşkili nəzərdə tutulmur. Düşünürük ki, tədrisin təşkilində hər hansı bir problem və çətinlik olmayacaq. İstisna hallar yaranarsa birbaşa müdaxilə ediləcək. Tələbələrin normal şəkildə təhsil olması üçün hər cür şərait yaradılacaq,necə ki, indiyə qədər bu addımlar atılıb.18 yaşdan yuxarı bütün tələbələrdən birmənalı olaraq COVİD-19 pasportu tələb olunacaq, pasportu olmayan tələbələr universitetə buraxılmayacaq”.
Şöbə müdiri yoxlama zamanı sıxlıq yaranmasının mümkün olduğunu bildirib:
“COVİD-19 pasportu universitetin inzibati binasının girişində mühafizə xidmətinin əməkdaşları tərəfindən tələb olunur. Tədris prosesində hər hansı bir sıxlığın olması mümkündür. Çünki yoxlanış prosesi bir qədər vaxt aparır. Amma biz bu sıxlığın qarşısının alınması və əlavə çətinliyin yaranmaması üçün bütün üsullardan istifadə edirik”.
Lənkəran Dövlət Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Esmira İsmayılova universitetdə hər fakultənin ayrı tədris binasında yerləşdiyini və ayrı giriş-çıxışının olduğunu bildirib:
“Nazirlər Kabinetinin qərarına əsasən 2021-2022-ci tədris ilində tədris,təlim-tərbiyə prosesinin əyani formada təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu gün LDU-da ilk dərs günü oldu, dərslər bütün qaydalara uyğun olaraq tam əyani keçirildi. Dərslər arasında fasilələr artırıldı, yəni hər dərs arasında 10 dəqiqə, növbələr arasındakı fasilə isə 50 dəqiqəyə qaldırılıb. Bu tələbələr üçün kifayət qədər uzun zamandır. Onu da bildirim ki, bizdə hər fakultənin özünü binası var və giriş-çıxışları ayrıdır. Yəni ümumi bir giriş yoxdur, tədris binaları ayrıdır. Həmin binalara daxil olarkən tələbələrin sənədləri yoxlanılır, hərarətləri ölçülür.Biz özümüz də ali təhsil müəssisəsi olaraq maraqlıyıq ki, tədrisin əyani formada təşkili davamlı olsun, yoluxma halı qeydə alınması. Bu istiqamətdə sanitar-gigiyena qaydalarına tam əml olunur”.
Xidmət rəhbəri növbələrarası müddətin 50 dəqiqəyə çatdırılmasının səbəbini açıqlayıb:
“Növbələr arasındakı zaman müddətinin 50 dəqiqəyə çatdırılması əsas məqsədi məhz hər hansı bir sıxlığın yaranmamasıdır. Belə ki, birinci növbə tələbələr universitet binasından tam ayrıldıqdan sonra ikinci növbə heç bir problem yaranmadan universitetə rahatlıqla daxil ola bilsin. Hər fakultənin ayrıca tədris binasının olması bu baxımdan çox əlverişlidir”.
Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə bildirib ki, universitetdə dərslərin hibrid formada keçirilməsi nəzərdə tutulub:
“Artıq bu gündən ənənəvi tədrisə geri qayıtdıq. Mingəçevir Dövlət Universiteti olaraq Nazirlər Kabinetinin qərarına uyğun olaraq müvafiq qaydalar çərçivəsində biz də ənənəvi tədrisə yenidən başladıq. Dərslərin keçirilmə qaydasında hibrid formanın tətbiqi nəzərdə tutulub. Tələbələrin universitet binasına daxil olmaları zamanı tələbə bileti ilə yanaşı , yaşı 18-dən yuxarı olan tələbələr üçün COVID-19 pasportu və ya immunitet sertifikatı tələb olunur. Həmçinin tələbələrin bədən hərarəti ölçülür. Bu gün heç bir neqativ halla qarşılaşmadığımızı məmnunluqla bildirmək istəyirəm”