
Köçürülmə prosesi ilə bağlı tələbələri maraqlandıran əsas məsələlərdən biri də təhsilalma formasının (əyani;qiyabi) dəyişdirilməsi məsələsidir.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbənin öz ixtisası yaxud fərqli ixtisas üzrə təhsilalma formasını dəyişdirməsi hansı halda mümkün ola bilər?
AzEdu.az xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, tələbələrin köçürülməsi məsələsinə qış və ya yay tətili müddətində transfer.edu.az portalı vasitəsi ilə baxılır.
Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (təhsilalma forması) üzrə minimal keçid balından az olmasın.
Bəs hansı halda bakalavriat səviyyəsində tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır?
Bu halları aşağıdakılardır:
- Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;
- Ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;
- Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edildikdə;
- Ölkə ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL İBT, İELTS və s.) əsasında qəbul olunduqda.
Qeyd edək ki, tələbələrin ixtisasını və ya təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir