
Xarici ölkələrdə daha çox özəl universitetlərə üstünlük verildiyi halda, Azərbaycanda vəziyyət əksinədir. Bunun da bir çox səbəbləri var.
AzEdu.az olaraq səbəbləri araşdırmağa çalışdıq.
Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib ki, xaricdə özəl universitetlərin qiyməti dövlət universitetlərindən daha yüksəkdir:
“Azərbaycanda isə bunlar arasında az fərq var. Özəl universitetlərə inamın az olması sovet dönəmindən qalma bəzi universitetlərin filiallar açması, bəzi iş götürmə məntəqələrinin özəl ali məktəblərin diplomlarının tanınmaması ilə bağlı abstrakt fikirlər, illuziyalar yaymasıdır. Ona görə də insanlarda həmin fikirlər qalıb. Düşünmürlər ki, diplomu verən orqan dövlətdir, əgər dövlət bir universitetə lisenziya veribsə, deməli bu qanunidir və qaydasında işləyir. Bu cür baxış postsovet ölkələrindədir. Dünyanın inkişaf etmiş ölkələrində tələbələr ona görə özəl universitetləri seçir ki, hökumət tərəfindən təhsil üçün nə qədər lazımdırsa kredit verilir. Bununla təhsil aldığı müddətdə təhsil haqqını ödəyirlər və işlədikdən sonra yavaş-yavaş bu məbləğ geri qaytarıllar”.
Ekspert vurğulayıb ki, özəl universitetlərin maddi texniki bazası dövlət universitetindən üstün olur:
“Özəl universitetlərdə məvacib yüksək olduğuna görə, kadrlar, müəllim, professor heyəti peşəkarlardan ibarət olur. Gələcəkdə təhsilə sərmayə qoymaq istəyən insanlar özəl universitetlərə üstünlük verirlər. Bizdə özəl universitetlərdən Xəzər və Qafqaz müəyyən vaxta qədər nüfuzunu qoruyub saxlayırdı. 2006-2012-cı illərə qədər Azərbaycan universitetlərindən ən çox birinci yerdə təmsil olunan Xəzər universiteti idi. Daha sonra bu yeri ADA, BDU yavaş-yavaş tutmağa başlayıb. 2010-2011-ci illərə kimi Azərbaycanı müəyyən reytinq cədvəllərində Xəzər universiteti təmsil edib”.
S.Yusifoğlu deyib ki, Azərbaycanda özəl universitetlərin nüfuzunu artırmaq üçün azad bazar iqtisadiyyatı olmalıdır:
“Xüsusilə, xarici investorlar cəlb olunmalıdır. Dünyanın prestijli universitetlərinin filialları Azərbaycanda açılsa, bu, avtomatik olaraq təhsil bazarında rəqabət yaradacaq. Bunun üçün də universitetlərin əsas işi özündə maddi texniki bazanı gücləndirmək, xüsusilə kompüter, kimya laboratoriyalarını inkişaf etdirməkdir. Bununla tələbələrdə inam yaradılmalıdır ki, həqiqətən də bu universitetin laboratoriyası digərindən üstündür. Yoxsa tələbələri göndərirlər ki, get bir - iki ay bankda və ya hansısa bir zavodda təcrübə keç. Konkret məsələ ondan ibarətdir ki, 80% universitetlərdə tələbələr təcrübə proqramından faydalana bilmirlər. Azərbaycanda azad rəqabət şəraitində bir neçə universitet olsa, məsələlər çox yaxşı yerini tapa bilər”.