
Əfsuslar olsun ki, son günlərdə sosial şəbəkələrdə din pərdəsi altında antiazərbaycan təbliğatı davam etdirilir. Xaricdən idarə olunan dini ekstremist qüvvələrin əlində alət olan bəzi şəxslər sosial şəbəkələrdə müxtəlif status, rəy və videomüraciətlərlə Azərbaycanda dini və milli azadlıqların pozulması, guya dindarların təzyiqlərə məruz qalması ilə bağlı əsassız iddialar irəli sürürlər. Azərbaycanın Konstitusiya quruluşunu dəyişmək istiqamətində aktivləşən “virtual” qəhrəmanlar çox uzağa gedə bimir, dövlət və cəmiyyətimiz tərəfindən belə dini ekstremistlərə qarşı lazımi tədbirlər görülür. Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan İlahiyyat İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla söhbətləşdik.
Rektor çağdaş dünyada bir çox dövlətlərin dini ekstremizm və terrordan əziyyət çəkdiyini, terror səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitliyin pozulduğunu, vətəndaş qarşıdurması yarandığını, milyonlarla insanın qaçqın və didərgin həyatı yaşadığını və maddi-mənəvi abidələrin dağıdıldığını bildirdi: “Son illər dünyada regional və qlobal müstəvidə baş verən hadisələr yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunduğunu göstərir”.
Ceyhun Məmmədov hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında, terror hadisələrinin törədilməsində din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini dedi: “Terror hadisələrindən heç bir dövlət sığortalanmamışdır. Bu, təkcə hər hansı bir ölkənin və yaxud xalqın deyil, bütün bəşəriyyətin problemidir. Hər il dünyanın ayrı-ayrı ölkələrində baş verən terror aktları və siyasi münaqişələr nəticəsində günahsız insanlar qurbana çevrilir. Hazırda biz bir sıra hallarda terror hadisələrinin kökündə din amilinin dayandığının xüsusi vurğulandığının şahidi oluruq. Bir sıra dairələr insanlara sülh, əmin-amanlıq bəxş etmək missiyası daşıyan səmavi dinləri terrora zəmin yaratmaqda günahlandırır. Bu məsələdə daha çox haqsızlığa və tənqidə məruz qalan din İslamdır. Təəssüf ki, məlumatsızlıq, qeyri-obyektiv təbliğat, bir sıra hallarda müsəlmanların qeyri-adekvat davranışları və digər səbəblərdən yüz minlərlə insanda İslam dini ilə bağlı zaman-zaman yanlış təsəvvür formalaşmışdır. Əslində heç bir din zorakılığa, terrora və dini ayrı-seçkiliyə haqq qazandırmır. İslam meydana gəldiyi gündən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı vacib saymış, ayrı-ayrı dinlərin mənsublarına öz inanclarına uyğun yaşamalarına şərait yaratmışdır. Bu gün terrora ən sərt münasibət bildirən İslam, ondan ən çox əziyyət çəkənlər isə müsəlmanlardır.
Terrorun ağrı-acısını yaşamış bir ölkə kimi Azərbaycan terrorun bütün təzahürlərini pisləyir, terror hadisələrinin qarşısının alınmasına yönəlmiş səyləri tam dəstəkləyir, onu doğuran səbəblərin aradan qaldırılması və qarşısının alınması məqsədilə dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlarla müntəzəm və sıx əməkdaşlıq edir”.
Rektor qeyd etdi ki, ekstremizm və radikallıqla səmərəli mübarizə üçün həm güclü dövlətin, həm də güclü vətəndaş cəmiyyətinin olması şərtdir: “Müasir dövrdə qloballaşan dünyada terror və ekstremizmlə mübarizədə müxtəlif üsullardan istifadə olunur, bir sıra hallarda inzibati metodlara daha çox üstünlük verilir. Bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. Bunun üçün dini təhsil müəssisələrində tədrisin hər hansı məzhəbçilik deyil, ümumi prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi və tələbələrə vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir”.
Müsahibimiz dini ekstremizmin qarşısının alınması məqsədilə respublikamızda qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirildiyini də vurğuladı: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.
Bu sahədə atılan mühüm addımlardan biri xaricdə dini təhsil almış və zərərli dini təsirlərə məruz qalmış gənclərin məscidlərə din xadimi təyin edilməsinin qarşısının alınması məqsədilə 2015-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər edilməsidir. Sözügedən Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır”. Burada əsas məqsəd xaricdə təhsil alarkən yad ideoloji təsirlərə məruz qalmış şəxslərin ölkədə din xadimi kimi fəaliyyət göstərmələrinin, dini ibadət yerlərində və ictimaiyyət arasında zərərli dini təbliğat aparmalarının qarşısının alınmasıdır.
Ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ekstremizmə qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir. 2015-ci ilin dekabr ayında Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilib. Bu Qanunun qəbul edilməsi milli, sosial və ya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsinin qarşısının alınmasına ciddi töhfələr verib”.
Həmsöhbətimiz bildirdi ki, hazırda Azərbaycan dövləti ölkədə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. (iki sahil)