Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 14:29:00
Coğrafiya İnstitutunda YENİLİK

“Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın hazırlanmasında məsul icraçı olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə Şərq proqramı” layihəsi çərçivəsində ölkəmizə təmənnasız olaraq verilən proqram təminatının istifadəsi, eləcə də coğrafi məlumatların toplanması və emalı üçün yüksək hesablama və yaddaş resurslarına malik kompüterlərə ehtiyac yaranıb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutuna rəsmi müraciət olunub. İnstitutun “AzScienceNet” elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində Coğrafiya İnstitutuna “Debian Linux 7.11” əməliyyat sistemi əsasında işləyən, 16 nüvəli (CPU – İntel Xeon mikroprosessoru bazasında), 32 GB əməli yaddaşa (RAM) və 2 TB xarici yaddaşa malik virtual server ayrılıb. Bu server coğrafi məlumatların toplanmasının və emalının daha sürətlə həyata keçirilməsinə imkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 2 mart tarixli Sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın hazırlanmasında məsul icraçı AMEA-nın Coğrafiya İnstitutudur. Atlasın hazırlanmasında əsas məqsəd təbii resurslardan səmərəli istifadə, əhali və yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.