
AzEdu.az xarici ölkələrin təhsil sistemləri barədə yazıları davam etdirir. Bu dəfəki yazıda Argentina təhsilinin özəllikləri haqda maraqlı məlumatlara yer verilib.
Cənubi Amerika ölkəsi olan Argentinanın dövlət dili ispan dilidir. Latın Amerikada oxuma-yazma səviyyəsi ən yüksək olan ölkədir. Ölkənin tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. Argentina büdcə gəlirlərinin 14%-ni təhsilə sərf edir. Dövlət universitetləri dövlət tərəfindən maliyyələşir və ölkədə savadlılıq səviyyəsi 95%-dir.Argentinaya hər il təxminən 90 min əcnəbi tələbə təhsil almaq üçün gəlir.
Argentina Respublikasında təhsil sistemi dörd səviyyədən - məktəbəqədər, ibtidai, orta, texniki peşə və ali təhsil pillələrindən ibarətdir. Məktəbəqədər təhsil icbari xarakter daşımır. Ölkədə 6-14yaş arasında uşaqların məktəbə getməsi məcburidir.
Argentinda orta təhsil polimodal adlanır. Yəni şagirdlər öz proqramlarını seçə bilirlər. Polimodal adlandırılan tam orta məktəbdə şagirdlərin humanitar və ictimai elmlər,dizayn, rabitə və s. sahələr üzrə ixtisaslaşması əsas götürülür. Bu məktəblərdə oxuyan şagirdlərə natamam orta təhsil haqqında diplom verilir.
Argentinanın ali məktəblərinə qəbul hər bir təhsil müəssisəsi tərəfindən aparılsa da burada qəbul imtahanlarının keçirilməsi üçün müvafiq meyarlar və vahid qiymətləndirmə mexanizmi tətbiq olunur. Ölkədə 40 dövlət və 45 özəl universitet var. Argentinanın ən qədim ali məktəbi 1613-cü ildə təsis edilən Kordoba universiteti, ən yaxşı ali təhsil müəssisəsi isə 1821-ci ildə yaradılan Buenos-Ayres universitetidir .
Qeyd edək ki, Argentinada təhsil haqqı illik 1000-3000 avro arasında dəyişir. Aylıq yaşayış xərcləri isə maksimum 1000 dollardır.
Günel YAŞARQIZI