Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-31 16:14:00
Təhsilimizdə nələr baş verir?- Təhlil

 

Təhsil sahəsi həmişə müzakirə mövzusudur. Bütün ailələr bu və ya digər formada məktəblə əlaqəlidir. Bütün ailələrdən məktəblərdə oxuyan şagird, yaxud da bu sahədə işləyənlər var.

 

 

Uşaqlardakı nöqsanları həmişə valideynlər müəllimlərin üzərinə, müəllimlər də öz növbəsində valideynlərin üzərinə atması təzə bir məsələ deyil. Sadəcə hər tərəf öz məsuliyyətini dərk edərək birgə fəaliyyət göstərməlidir. Görünür, bu boşluğu tənzimləmək üçün yeni qaydalar, təlimatlar da lazımdır.

 

İslahatlar, müəyyən yeniliklər, dəyişikliklər dövründə, təsadüfi baş verən hadisələr şəraitində neqativ düşüncəli, hər işə "qara eynəklə" baxan adamların aktivləşməsini də çox görmüşük...

 

Təhsil sahəsində müəyyən vəzifə tutan bacarıqsız, şəxsi maraqlarına hesablanmış fəaliyyətinə görə iş yerini itirmək qorxusu olanlar, yaxud artıq təhsildən uzaqlaşdırılmış, keçmiş günlərə heyifsilənən bir qrup adamlar da bu xoşagəlməz tendensiyanın genişlənməsinə maraq göstərir, rəvac verirlər. Müəllim adını qazana bilməyənlər, vəzifə tuta bilməyənlərin bəzilərinin, məqsədi ancaq pozuçuluq mövqeyi olan şəxslərin də belələrinindən olması gözləniləndir. Əlbəttə, birmənalı olaraq təhsilə, təlim-tərbiyə prosesinə mənfi təsir göstərən bütün hadisələr xoşagəlməzdir, obyektiv formada pislənilməlidir. Ancaq şou yaratmaq lazım deyil.

 

Ömrünü bütün varlığı ilə bu şərəfli sahəyə ləyaqətlə həsr edən, şəxsi maraqlardan uzaq təhsil işçilərinin narahatlığı başa düşüləndir. Belə vəziyyətlərdə təhsilimizin inkişafına xidmət edən sağlam qüvvələr, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri daha çox həmrəy olmalı, dağıdıcı neqativ qüvvələrin antitəbliğatını ifşa etməlidir. Müqəddəs müəllim peşəsinə, fədakar müəllimlərimizə qarşı yönəlmiş çirkin niyyətlər qəbuledilməzdir.

 

Azərbaycan xalqının öz milli, mənəvi dəyərləri var. Həmişə valideynə, müəllimə, böyüyə, kiçiyə, qadına dərin hörmətlə yanaşmışıq, dövlətə, dövlətçiliyə sədaqət, vətənpərvərlik canımıza, qanımıza hopmuşdur.

Prezidentimlə, nazirimlə, vətən üçün fədakarlıq edən bir xeyirxah vəzifə sahibi, iş adamı ilə, valideynimlə qürur duyuramsa, bunu yarınmaq, yaltaqlıq sayanlar zavallı, mənəvi cəhətdən şikəst adamlardır. Nöqsanı tənqid edib, nailiyyəti müdafiə etmək vətənpərvərlik və insanlıq borcumuzdur.

 

Son zamanlar sosial şəbəkələrdə, real həyatda çox yanlış bir yanaşma müşahidə edilir. Kim rəhbərə, nazirə, maddi imkanı yüksək olan bir dəyərli insana ehtiramla yanaşırsa, guya ona yaltaqlanır. Başa düşüləndir ki, uzun illər yeri yanlış düşən vəzifə sahiblərinin hesabına, sağlam qaydada iş adamı olmayıb, təsadüfi varlanan adamlara görə cəmiyyətdə şüuraltı bir qəbuledilməzlik təfəkkürü formalaşıb. Ancaq bu yaxşıya yaxşı deməyə, düzgün qiymətləndirməyə mane olmamalıdır.

 

Mənim 40 ilə yaxındır təhsil sahəsində fəaliyyətim var, onun 35 ilini təhsilin idarə edilməsi sahəsində çalışmışam. Yəni bütün proseslərdən məlumatlıyam. Müəyyən istisnaları çıxmaq şərtiylə regionlarda təhsil şöbə müdiri vəzifəsinə, təhsilin inkişafı üçün uğurlu bir xidmət göstərəcəyi əvvəldən gözlənilməyən adamlar gətirilirdi. Təsadüfi deyil ki, onların çoxu korrupsiyanın qurbanı oldu, nöqsanlarına görə müxtəlif yollarla vəzifədən uzaqlaşdırıldı. Bunlar insanlarda inamsızlıq hissi yaradıb. Əvvəlki idarəetmə şəraitində normal bir insan da vəzifəyə gətirilsə, ciddi bir nəticə əldə edəcəyi şübhəli idi. Şəxsən mən bunu anlayaraq bir neçə dəfə şöbə müdiri olmaqdan imtina etmişəm.

 

Hazırda dünya təhsil prosesinin mahiyyəti, gedişini yaxşı bilən, yaradıcı, müasir təfəkkür tərzinə sahib təhsil naziri Emin Əmrullayevin fəaliyyətində gördüyüm inkişafetdirici, axtarışda olan mövqeyi bəyənir, müdafiə edirəmsə, bu yarınmaq, şəxsi istəklə bağlanmalıdırmı? Bəli, şəxsi marağım yalnız ümumi mənafeyə xidmət edən təhsilimizin inkişafıdır. Çünki bu, dövlətimizin, cəmiyyətimizin gələcək inkişafı, firavan həyatı deməkdir. Bu amala xidmət edən istənilən məmura, nazirdən müəllimə qədər bütün şəxslərə hər birimizin birmənalı formada hörmətlə yanaşması, dəyər verməsi borcumuzdur.

 

 

Təhsil sahəsində çalışan, yaramaz fəaliyyəti ilə təhsilimizə ziyan gətirən, inkişafa mane olan, şəxsi maraq güdən hər bir şəxs isə ifşa olunmalıdır. Nazirimiz cəmi il yarımdır təyin edilib. Pandemiya şəraitinin ciddi problemlər yaratdığı bir dövrə düşüb, proses ləngiyib. Canlı ünsiyyətdən xeyli müddət kənarda qalmaq pedaqoji kollektivlərin üzvləri üçün fəsadsız keçməyib. On illərlə yaranmış problemin bu az vaxtda həllini gözləmək olmaz. Bir məktəbə çox bacarıqlı bir şəxs məktəb direktoru təyin edilirsə, ən azı 5- ildən sonra uğurlu nəticələr özün göstərə bilir. Təhsilimizin bəzi sahələri son illərdə bir çox parametrlər üzrə beynəlxalq qiymətləndirməyə görə irəliləməsini niyə xatırlamırlar?

Nazirimizin fərqliliyi, özünəməxsusluğu ondadır ki, onun təhsil sahəsində baxışları, yanaşmaları Azərbaycanda cəmiyyətin təhsil barədə illərlə formalaşmış hazırkı təfəkküründən ən azı on il qabaqdadır. Bunu təhsilə rəhbərlik edən şəxsin irəliyə çəkən bir lift mövqeyində dayanması kimi dəyərləndirmək daha doğru olardı. Səmimiyyət, tənqidə açıq, kollegial, demokratik iş üsulu, kadrlara inanaraq onlara yaradıcı fəaliyyət üçün şans vermək qüsur sayılmalıdırmı? Bəli, problem ondadır ki, yerli idarəetmə strukturlarında işləyənlər, məktəb rəhbərlərinin xeyli hissəsi bu münasibətə hazır deyil, bəziləri də bunu zəiflik kimi dəyərləndirə bilər.

 

Yaxın günlərdə sosial şəbəkələrdə bəzi məktəblərin illərlə davamlı olaraq nəticələrinin aşağı olması səbəbləri haqqında bir yazı paylaşdım. https://m.facebook.com/story.php?story_fbid=1412993752451414&id=100012224072713

 

Bu tənqidi yanaşma da nazirimizin nöqsanları aradan qaldırmaq üçün problemlərin səbəblərini dəqiq müəyyən etmək mövqeyindən qaynaqlanır.

 

Müxtəlif səviyyələrdə çıxış, müsahibə və görüşlərində bildirdiyi kimi Nazir təhsilimizin reallıqlarını bilir və ona müvafiq olaraq da sistemli, mərhələli şəkildə nöqsanların aradan qaldırılması haqqında layihələrin həyata keçirilməsinə çalışır.

 

Geniş təhsil ictimaiyyəti, müxtəlif sahələrdə çalışan insanlar, o cümlədən valideynlər qaragur, heç bir dəyərə qiymət verməyən, neqativ niyyətli adamların hay-küyünün təsiri altına düşməməlidir. Səbrlə, təmkinlə və əzmkarlıqla təhsilimizin inkişafının iştirakçısı və yardımçısı olmalıyıq.

 

Həmişə məni də tənqid edən tapılır. Hər şeydən əvvəl bunun səbəbi müxtəlif vaxtlarda təmənnalı idarəetməyə qarşı açıq mövqeyimlə kimlərəsə maddi "ziyan" vurmağım, layiq olmayanların vəzifəyə gətirilməsinə etirazım və s. olub. Belələrinin bağışlaya bilmədikləri kin- küdurətini saxta profillər, ya da, nə üçün danışdığını bilməyənlər vasitəsi ilə cəhdləri görünür. İndi də olacağı gözləniləndir.

 

Yeni yaradılacaq regional təhsil idarələrinə çox böyük ümidlə baxırıq. Güclü ordumuzun, Ali Baş Komandanın, xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qələbəsinə layiq formada təhsilimizi inkişaf etdirmək üçün hər birimizin üzərinə məsuliyyət düşür. Bu məsuliyyətli və şərəfli yolda hamıya uğurlar arzulayıram!

 

Vahid Tağıyev

 

İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini