
“III qrupa yeni ixtisasların əlavə olunması ilə plan yerləri artacaq, həmin ixtisaslar üzrə keçid balları da qalxacaq”
Baş nazir Əli Əsədov III ixtisas qrupunda qəbul qaydaları ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməli olacaqlar. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları müəyyən ediləcək.
Bəs ümumilikdə qərar abituriyentlərin imtahan nəticələri,ixtisas seçimi məsələsinə, eyni zamanda lll qrupa marağa necə təsir göstərəcək?
Təhsil üzrə mütəxəssis Elçin Əfəndi AzEdu.az-a açıqlamasında qərarı dəyərləndirərək, yeni əlavə edilən ixtisaslar üzrə kadr hazırlığına diqqət çəkib:
“Nazirlər Kabineti tərəfindən imzalanan qərarla bağlı bir müddət əvvəl məlumat verilmişdi, artıq rəsmi şəkildə təsdiqlənmiş oldu. 2005-2008-ci illərdə III qrupa aid Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları vardı. Daha sonra həmin ixtisaslar II ixtisas qrupuna daxil edildi. Amma son qərara əsasən bunlar yenidən III qrupa qaytarıldı. Hər il həmin ixtisaslar üzrə kifayət qədər boş yer qalırdı. Eyni zamanda yüksək ixtisaslı kadrlar hazırlamaq mümkün deyildi. Çünki 150 bal toplayan abituriyentlər Regionşünaslıq oxuyurdular, bununla yanaşı Beynəlxalq münasibətlər üzrə də bal həddi 200-ə enmişdi. Halbuki, təxminən 10 il əvvəl 500-600 ballıq ixtisas idi. Bütün bunlar isə onu deməyə əsas verir ki, bizə ixtisaslı kadrlar lazımdır”.
Mütəxəssis dəyişiklik nəticəsində III qrupa plan yerlərinin artacağı və həmin ixtisaslar üzrə keçid ballarının yüksələcəyi ilə bağlı proqnozunu bildirib:
“Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyinə işə qəbul həyata keçirildi. Həmin işə qəbulda da elə məhz bu ixtisasları bitirən kadrlara ehtiyac var. Düşünürəm ki, bu ixtisasların III qrupa keçirilməsi ümumi plan yerlərinə təsir edəcək. Hər il bu qrupda kifayət qədər müsabiqədən kənarda qalan abituriyent olurdu. İndi isə yeni ixtisasların əlavə edilməsilə plan yeri artacaq. Sadəcə plan yerlərində artım olamayacaq, eyni zamanda həmin ixtisaslarda keçid ballarının artımı ilə nəticələnəcək. Yəni biz bu il o ixtisaslar üzrə 150-200 deyil daha yüksək bal müşahidə edəcəyik. Bu da birbaşa onu deməyə əsas verir ki, ixtisasın əvvəlki nüfuzu tədricən özünə qayıtmış olacaq”.
“İxtisasların III qrupa əlavə edilməsilə boş qalan plan yerləri dolacaq”
“Hər il III qrupa 18-19 min nəfər sənəd verirdir, ancaq cəmi 12 min nəfərə yaxın plan yerlərinə qəbul həyata keçirilirdi. Digər 6-7 min nəfər isə müsabiqədən kənarda qalırdı. II ixtisas qrupunda isə təxminən 12 min yer buraxıldığı halda 14 min yer plana çıxarılırdı və nəticədə 2 min yer boş qalırdı. Demək olar ki, bu il Beynəlxalq münasibətlər və Regionşünaslığın III qrupa gətirilməsilə bu boş qalan yerlər dolacaq”.
Ekspert abituryentlərin elektron ərizə ilə müraciətində diqqət etməli olduqları məqamları qeyd edib:
“Burada əsasən o ixtisaslara yönələn III qrup abituryentləri TC alt qrupunu seçməli, coğrafiyadan imtahan verməlidirlər. Yekun nəticədə isə əlavə edilən bu iki ixtisas üzrə seçim edə bilərlər. Yox əgər abituriyentlər bu istiqamətlərə yönəlməyəcəksə, o zaman birbaşa DT alt qrupunu seçərək bu ixtisasların yer almadığı digər ixtisasları qeyd etmək hüququna malikdirlər. Əgər bir abituriyent həm TC, həm də DT alt qrupunu seçərsə o bütün ixtisasları yazmaq hüququna malik olur.
Son olaraq o,-“Düşünürım ki, bu abituriyentlərin III qrupa, eyni zamanda həmin ixtisaslara marağını daha da artıracaq. Beləliklə biz bu il həmin ixtisaslar üzrə demək olar ki, boş qalan plan yeri müşahidə etməyəcəyik”-deyə bildirib.