
Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Təbii fəlakətlər və fövqəladə hallar zamanı təhlükəsizliyin təmin olunması” mövzusunda tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, ADNSU-nun Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov mülki müdafiə gününün yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. Ölkəmizdə, o cümlədən ADNSU-da mülki müdafiəyə ayrılan diqqət və önəmin əhəmiyyətindən danışıb.
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev başda rektor, professor Mustafa Babanlı olmaqla bütün universitet rəhbərliyi adından hər kəsi Mülki Müdafiə Günü münasibətilə təbrik edib. Mülki müdafiənin çox vacib bir məsələ olduğunu vurğulayan A.Babayev bu mövzuda professor-müəllim heyətinin və tələbələrin maarifləndirilməsinin zəruri olduğunu bildirib.
Universitetin "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, t.e.d., professor Sakit Rəsulov da mülki müdafiənin əhəmiyyətindən danışıb və qeyd edib ki, belə tədbirlərin təşkili baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarının öyrənilməsi üçün vacibdir.