
Təhsil İnstitutunun nəzdində yardılmış “SABAH.lab” Akselerasiya Mərkəzi 3 aylıq “Sürət” proqramına qəbul elan edir. Formalaşmış ideya və komandası, minimum mümkün məhsulu və orta səviyyədə ingilis dili biliyi olan namizədlər “Sürət” proqramında iştirak edə bilərlər.
Bu barədə AzEdu.az -a Təhsil İnstitutundan bildirilib. Müraciət edənlərə yerli və xarici ekspertlər tərəfindən mentor dəstəyi, ofisdən 7/24 istifadə və 25 min AZN dəyərində investisiya təklif edilir.
Proqram müddətində müsabiqədən keçən namizədlərin maarifləndirilməsi nəzərdə tutulub. Belə ki, Massaçusets Texnologiya İnstitutu, Stanford Universiteti və İE Biznes Məktəbi kimi nüfuzlu təhsil ocaqlarının professorları tərəfindən mühazirə və seminarlar təşkil olunacaq.
İştirakçılara öz ideya və məhsullarını inkişaf etdirməklə yanaşı, potensial müştəri bazası əldə etmək üçün imkanlar yaradılıb. Tamamilə ödənişsiz təşkil edilən proqrama müraciət zamanı yaş məhdudiyyəti və xüsusi ixtisas tələbi tətbiq edilməyib.
Onlayn müraciət əsasında seçilən və “Sabah.lab” komandası ilə müsahibə mərhələsini uğurla başa vuran namizədlər minimal mümkün məhsullarını İE Biznes Məktəbinin İdarə Heyətinə təqdim etmək imkanı əldə edirlər. Təqdimat zamanı müvəffəqiyyət qazanan komandaların “Sürət” proqramında iştirakı təmin olunur.
Qeyd edək ki, ümumilikdə “SABAH.lab” Akselerasiya Mərkəzi fəaliyyəti müddətində buraya 1000-dən çox müraciət daxil olub. Namizədlər arasından 11 komanda seçim turundan uğurla keçib və ideyaları üzərində işləmək üçün hazırda onlara mərkəz tərəfindən müvafiq dəstək göstərilir. Təqdim olunan məhsul ideyalar arasında kənd təsərrüfatı, tibb, təhsil, moda, insan resursları və digər sahələrinə aid layihələr mövcuddur.
Müraciətlər martın 15-dək qəbul olunur.