Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 10:00:00
Məktəblilərin qidalanması ilə bağlı vacib qeyd- Dosentdən valideynlərə xəbərdarlıq  

 

Gün ərzində qidanın qəbulu rejimi də cox önəmlidir. Tədqiqatlar göstərir ki, səhər yeməyindən imtina şəkər və yağlarla zəngin olan qidalara üstünlük verilməsinə gətirib çıxarır. Orta hesabla oğlanların yalnız 69%-i, qızların isə 60% məktəb günlərində səhər yeməyindən istifadə edirlər.

 

Azərbaycan Tibb Universiteti, Uşaq yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti Nigar Süleyman-zadənin sözlərinə görə, səmərəli qidalanma uşaq və yeniyetmələrin    sağlamlığını, həmahəng inkişafını,  müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artıran və uşaq ölümü səviyyəsini azaldan vacib şərtlərdən biridir. Səhər yeməyi yeməyən uşaqlar adətən məktəbdə daha çox şirniyyatlardan (şəkəri çox olan ərzaqlardan) istifadəyə üstünlük verirlər. Həmçinin, səhər yeməyindən imtina səhər yorğunluğu sindromu yaradır və qavrama qabiliyyətini aşağı salır. Bizim gündəlik qidamız həyat üçün lazım olan bir sıra qida maddələrindən: struktur materialları  olan və bədən toxumasının əsasını təşkil edən zülallardan, orqanizmin enerji təchizatını təmin edən yağlar və karbohidratlardan ibarətdir.

 

Bütün bu maddələrin qida dəyərliliyinin enerji balansında rolu əvəzsizdir.   Belə ki, onların həm çatışmazlığı və həm də izafiliyi uşaq orqanizmində bir sıra fəsadlara səbəb ola bilir.

 

Sağlam qidalanma prinsiplərinin tələblərinə uyğun olmayan qida qasionu gələcək nəslin sağlamlığı və işqabiliyyətinə təsir edən əsas mənfi amillərdən biridir.

 

Vaxt çatışmazlığı, yemək mədəniyyətindəki səriştəsizlik, müasir həyat tempi məhsul seçimində anlaqsızlığa səbəb olur. Uşaqların qida rasionunda qazlı sular, sənaye istehsalı olan müxtəlif rənglərlə, dadvericilərlə zəngin qida məhsullarının populyarlığı narahatlıq yaradır. Uzun fasilələrlə, cəld, “ayaqüstü“-  yeriyərək yemək,  “fast-fud” və soyuq, şirin qazlı suların birgə istfadəsi daha çox zərərlidir. Çünki bu zaman qidanın mədədə qalma müddəti azalır, tezliklə aclıq hissi yenə yaranır, bu isə piylənməyə birbaşa aparan yoldur.

 

Qeyd edək ki, “Sağlam təhsil” layihəsinin tətbiq olunduğu siniflərdə uşaqların sağlamlıq qidalanması üçün mütamadi maarifləndirmə tədbirləri həyata keçirilir.