
Baş nazir Əli Əsədovun qərarı ilə I qrupa İnformatika fənninin əlavəsi təsdiqləndi.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Bəs çoxdan gözlənilən bu qərarın təsdiqində diqqət edilməli məqamlar nələrdir? Bu istiqamətdə hansı addımların atılması vacibdir? Suallar və bal məsələsi necə tənzimlənməlidir?
Mövzu ilə bağlı AzEdu.az-a danışan İT mütəxəssisi, İnformatika müəllimi Tural Sofuyevmövcud vəziyyəti dəyərləndirib:
“Burada bir neçə nüans var. Doğrudur, bu gözlənilən və gecikmiş qərar idi. Amma verilən ədəbiyyat siyahısı abituriyent səviyyəsində deyil. Müəyyən araşdırma və faktlarla göstərmək olar ki, ədəbiyyat siyahısına daxil edilən əksər mövzular orta məktəb dərsliklərində tam şəkildə əhatəli verilməyib. İkinci bir nüans isə 10-11-ci siniflərdə tətbiq olunan pilot layihədir ki, burada 14-cü proqram üzrə əks olunan mövzulara rast gəlirik. Biz magistraturaya hazırlaşdığımız zaman ixtisas fənni kimi məhz bu mövzulardan imtahan vermişik. Əgər abituriyent qəbula bu dərəcədə əhatəli hazırlaşacaqdısa, o zaman magistraturaya qəbul imtahanlarında informatikaya nə ehtiyac qalır?”
Müəllim abituriyentin İnformatikadan qəbula hazırlığı zamanı üzləşəcəyi çətinlikləri vurğulayıb:
“Bu qərar təsdiqlənənə kimi Dövlət İmtahan Mərkəzi ilk olaraq öz vəsaitini çıxarmalı idi. Ortada nə vəsait, nə də test toplusu yoxdur. Bəs gələn il imtahan verəcək şagirdlər hansı materiallarla, necə hazırlaşsın?! Tutaq ki, DİM tərəfindən təqdim edilən ədəbiyyat siyahılarına uyğun hazırlaşacaqlar, bu siyahıya uyğun olan vəsaitləri heç məktəblərdə dərs deyən əksər informatika müəllimləri bilmir. Nəticədə abituriyent müəllimdən də dəstək ala bilməyəcək. Vəsait yox, müəllim dəstəyi yox, bu zaman şagirdlər birbaşa məcburi olaraq repetitora üz tutacaqlar. Axı Təhsil Nazirliyi və digər qurumlar repetitor hazırlığına qarşı idilər...”
“Hazırki vəziyyət nəzərə alınaraq suallar asan salınmalıdır”
“İlk dəfə olduğu üçün imtahan sualları sırf sinif dərsliklərinə uyğun olaraq asan salınmalıdır. Hazırda pandemiya dövrüdür, nə məktəb, nə də kitabxana şəraiti bu istiqamətdə tam şəkildə yararlı ola bilməyəcək. Bütün bunlar nəzərə alınmalıdır. Həmçinin, şagirdi, ümumi məktəbi nəzərə alaraq verilən 30 sualı yaxşı mənada belə desək, “2x2=4” asanlıq səviyyəsinə görə tənzimlənməlidir”.
Mütəxəssis bu istiqamətdə atılmalı olan vacib addımların olduğunu bildirərək, öz təkliflərini verib:
“Yaxşı olar ki,cari vəziyyətdən çıxış üçün DİM-in təşəbbüsü ilə müəlliflərin, ekspertlərin əhatə olunduğu ümumi bir onlayn platforma yaradılsın. Bu 30 sual çərçivəsində müəlliflərin, ekspertlərin izahı ilə həftədə bir dəfə də olsa platformada şagirdlər üçün müzakirə təşkil olunsun. Bu həm I qrup üzrə, həm də ixtisas fənləri üzrə ola bilər”.