
“Təhsil eksperti sözünü məncə, ölkəmizdə media nümayəndələri əmələ gətirib, çünkü reportaj hazırlayanda lazım olur ki, bir mütəxəssisdən rəy alınsın”
AzEdu.az xəbər verir ki, bunu T-Network-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov bildirib.
Mütəxəssis, ekspert sözünün mahiyyətini aydınlaşdırıb:
“Ekspert məna olaraq spesifik sahə ilə əlaqədar dərin bilik, bacarıq, təhsil və təcrübəyə sahib olmaq mənasına gəlir. Bu söz latıncadan ingilis dilinə keçib. Bizdə qarşılığı mütəxəssisdir. Təhsil geniş anlayışdır. İndi artıq onun bir çox alt sahəsi var. Hazırda təhsil eksperti demək, Təbib demək kimi bir şeydir. Necə ki, hazırda tibbdə Təbib sözü artıq yoxdur, çünkü çox sayda spesifik sahələri var. Eynilə təhsil eksperti sözü də olmasa yaxşıdır”.
Mütəxəssis bu statusu əsasən media nümayəndələrinin əmələ gətirdiyini bildirib:
“Təhsil eksperti sözünü məncə, ölkəmizdə media nümayəndələri əmələ gətirib. Çünkü reportaj hazırlayanda lazım olur ki, bir mütəxəssisdən rəy alınsın. Təhsillə əlaqədar hər hansı danışa bilən insan axtararkən beləcə birini tapır və ona təhsil eksperti deyir, elə təqdim edir ki, reportaj yaxşı alınsın. Həmin insan da düşünür ki, madam mənə belə deyirlər, deməli eləyəm. Kembric lüğətində bir sahə ilə əlaqədar davamlı yazı rəy yazanlara ekspert yox, blogger deyirlər. Özüm daxil deyirəm, fəaliyyətlərimizin çoxu bloqerlikdir. Mütəxəssislik isə elmi tədqiqat, eksperiment, konfrans, tədris, təlim işləridir.
Son olaraq o, -“Deməli bir insan 20 il fizika tədrisi edibsə və həmin sahədə də magistri var minimum deməli artıq o özünə fizikanın tədrisi üzrə mütəxəssis deyə bilər. Belə düşünürəm”-deyə qeyd edib.