Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 17:06:00
Buraxılış imtahanının ölkə birinciləri AzEdu.az-a danışdılar-“Yüksək nəticə gözləyirdim..”

 

5-6 mart tarixlərində 11-ci siniflər üçün keçirilən buraxılış imtahanlarının nəticələri elan olundu.

 

Nəticələrə əsasən, iki Bakı məktəblisi 300 bal toplayaraq imtahanda maksimum nəticə göstərib.

 

Onlardan biri Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı, digəri isə Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğludur.

 

Sevincini AzEdu.az-la bölüşən Nigar Əhədulla 700 balı hədəfləyərək imtahanlara hazırlaşdığını bildirib:

 

“Maksimum nəticə mənim üçün gözlənilən idi. Çünki sınaq imtahanlarında da hər zaman 290-300 ballıq nəticə göstərirdim. Elə maksimum bal toplayacağıma inanaraq və arzulayaraq imtahana girmişdim. Qəbula hazırlaşarkən də hər zaman 700 balı hədəfləyirəm və buna uyğun çalışıram. IV qrupa tibb üzrə hazırlaşıram. Nə qədər çətin bir ixtisas olduğunun fərqində olduğum üçün dərslərimə əvvəldən məsuliyyətlə yanaşmışam. Həm valideynlərimin, həm də müəllimlərimin dəstəyi ilə yüksək nəticə göstərməyə nail oldum”.

 

Qəbul imtahanından da maksimum nəticə göstərəcəyinə inandığını bildirən Nigar, təhsilindəki digər uğurlarını da qeyd edib:

 

“Həmçinin qəbul imtahanından da yüksək nəticə gözləyirəm. Eyni zamanda DİM-in sınaq imtahanlarında ən yüksək bal toplayan 25 nəfərdən biri idim. Bundan əlavə olaraq 9-cu sinifdə Azərbaycan dili və ədəbiyyat fənləri üzrə Respublika birincisi olub, qızıl medala layiq görülmüşəm”.

 

AzEdu.az-a açıqlamasında III qrupa hazırlaşdığını bildirən Nəcməddin Orucov, qəbulda da yüksək nəticə göstərəcəyinə inandığını qeyd edib:

 

“Doğrusu, bu nəticə mənim üçün gözlənilməz oldu. Yüksək bal toplayacağıma inanırdım, amma maksimum olacağını bilmirdim. Sənədlərimi III qrupa verməyi düşünürəm. Hüquqşünaslıq ixtisasını seçmək istəyirəm, amma hansı universitet olacağına ixtisas seçimi zamanı qərar verəcəm. Qəbul imtahanında da yüksək nəticə göstərəcəyimə inanıram. Gələcək üçün əsas hədəfim öz sahəm üzrə peşəkar olmaqdır”.