
Aprelin 2-də Beynəlxalq Uşaq Kitabı Günündə ölkə məktəbliləri arasında ilk dəfə keçirilən “Düşünən oxucu” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov şagirdlərin mütaliəsi işinin təşkilinin, onların mütaliəyə həvəsini daha da gücləndirməyin və mütaliə vərdişlərini inkişaf etdirməyin təhsil sahəsində prioritet vəzifələrdən biri olduğunu qeyd edib. Bu sahədə görülən işlərdən danışan nazir müavini diqqətə çatdırıb ki, Təhsil Nazirliyi sistemində 4 mindən artıq kitabxana fəaliyyət göstərir. Bu kitabxanaların əksəriyyəti ümumi təhsil müəssisələrindədir və daim yeni nəşrlərlə zənginləşdirilir. Uşaqların bədii ədəbiyyat oxuması onların gələcək inkişafı üçün çox vacibdir: “Uşaqlar kitab oxuduqca onların dünyagörüşü artır, tənqidi düşüncə bacarığı formalaşır. Müsabiqənin nəticələri onu göstərir ki, məktəblilərimizin oxumağa həvəsi var”.
Firudin Qurbanov vurğulayıb ki, ölkəmizdə uşaqların bədii ədəbiyyatla təmin olunması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli Sərəncam da bu sırada görülən işlərdəndir. Eyni zamanda, Kiril qrafikasında çap olunmuş Azərbaycan ədəbiyyatı nümunələri latın qrafikası ilə yenidən nəşr edilib. Bütün bu işlər məktəblilərimizin kitaba, bədii ədəbiyyata olan marağını artırır.
Müsabiqənin münsiflər heyətinin üzvləri və qalib şagirdlərdən biri - Ağdam rayonu 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Quliyeva çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Sonda müsabiqənin nəticələrinə əsasən 30 nəfər qalib şagirdə diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunan müsabiqənin məqsədi təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında keçirilən “Düşünən oxucu” müsabiqəsi yanvarın 5-dən fevralın 21-dək olan dövrü əhatə edib. Üç mərhələdə təşkil olunmuş müsabiqənin birinci mərhələsinə 20 min 609 şagird qoşulub, onlardan final mərhələsinə 132 şagird keçib. Münsiflər 132 şagirdin videotəqdimatını qiymətləndirərək 30 nəfər qalibi müəyyən edib. Müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunan kitablar əsasında müəyyən edilmiş “Oxu ədəbiyyatı siyahısı”ndan bir əsəri oxuyaraq videotəqdimat hazırlayıblar. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirib. Eyni zamanda, təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarına cavab veriblər.