Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 10:40:00
Bakı məktəblərində Aprel döyüşlərinə həsr olunan silsilə tədbirlər keçirilir  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində Aprel zəfərinin altıncı ildönümünə həsr olunan tədbirlər keçirilir.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, təhsil müəssisələrində 2016-cı ildə baş verən hadisələrə həsr olunan “Aprel döyüşləri - şanlı qələbənin başlanğıcı”, “Qələbəyə aparan yol”, “Aprel döyüşləri-zəfər salnaməsi”, “Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi” və digər mövzularda konfranslar, mühazirə və dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

 

Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

 

Tədbirlərdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib.

 

Qeyd edilib ki, Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi olub. Bildirilib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail olub.

Tədbirlərdə Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarxlar da nümayiş etdirilib.