Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 18:00:00
Açıq tipli sualların yoxlanılmasında ciddi səhvlərə yol verilir- Mütəxəssis TƏHLİLİ

 

5-6 mart tarixində keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 1-i açıqlandı. Ancaq daha sonra nəticələrlə bağlı çox sayda narazılıqlar müşahidə olundu.

 

Bu narazılıqlar xüsusuilə açıq tipli sualların qiymətləndirilməsilə bağlı qeyd olunur.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında məsələni dəyərləndirən ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev narazılığın əsas səbəblərini aydınlaşdırıb:

 

“Bir neçə gün əvvəl imtahan nəticələri açıqlandıqdan sonra mən, nəticəsindən narazı olan kütlənin bu narazılığının səbəbini öyrənmək üçün bizim abituriyentlərə məxsus olan feysbuk səhifəmizdə canlı yayım etdim. Narazı olanların demək olar ki, 90%-i açıq tipli suallara verilən ballara etirazlarını bildiridilər. Yəni əsas məsələ bu sualları yoxlayan marker müəllimlərdir. Bu mövzu ilə bağlı araşdırma apardıqdan və bir neçə marker müəllimlərdən də maraqlandıqdan sonra məlum oldu ki, həqiqətən açıq tipli sualları yoxlayarkən müəllimlər ciddi və kobud səhvə yol verirlər. Bu suallarda həll yolu, cavablar qeyd olunur. Marker müəllimlər isə yoxlayarkən sualların cavablarında DİM-in onlara təqdim etdiyi həll yollarının abituriyentin getdiyi yolla eynilik təşkil etməsinə üstünlük verirlər. Ancaq düşünmürlər ki, burada bir müəllim həmin həll yolu ilə bu cavabı əldə edib,buna baxmayaraq ola bilsin abituriyent daha yaxşı həll yolu ilə həmin cavabı əldə edə bilər”.

 

Mütəxəssis cavabları yoxlayan müəllimlərin fənn biliyinin vacibliyinə də diqqət çəkib:

 

“Burada əsas səhvlərdən biri də yoxlayan şəxsin ixtisas müəllimi olmamasıdır. Məsələn, riyaziyyatdan açıq tipli sualın cavabını yoxlayan şəxs ixtisas müəllimi olmadığı üçün, yaxud ola bilər ixtisas müəllimi olsun, amma o sualın cavabını və həll yolunu tam olaraq bilmədiyinə görə, ona verilən yolun eynisini abituriyentin cavabında da görmək istəyir. Bu səbəblə abituriyentə ya sıfır bal yazılır, cavab qeydə alınmır, ya da çox aşağı balla qiymətləndirir ki, bu da abituriyentin birbaşa gələcək həyatına təsir edir. İkinci bir məsələ isə yoxlayanların çoxunun müəllim deyil, son kurs tələbələri olmaları ilə bağlı məqamın vurğulanması idi. Bu mövzunu da araşdırdım və nəticədə öyrəndim ki, açıq tipli sualları yoxlayan müəllimlər arasında magistr tələbələri var. Amma bu magistr tələbələri də bakalavriat səviyyəsini müəllimlik ixtisası üzrə bitirənlərdir”.

 

Hazırda ən ideal variantlardan biri dərslərin birləşdirilib 80 dəqiqəyə  endirilməsidir”-Adil Vəliyev - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

“Marker müəllimlərə bu qiymətləndirmənin ciddiyyətini izah etmək lazımdır”

 

“Nəzərə almaq lazımdır ki, hər abituriyent bir fərddir, şəxsdir və onların qiymətləndirmədə hər hansı balı aşağı yazması o abituriyentlərin birbaşa gələcək həyatına təsir edir. Nəticədə o gənclər intihara, yaxud hər hansı bədbəxt hadisəyə sürüklənə bilərlər. Belə olan halda isə o müəllimlərin və onların vasitəsilə də DİM-in şəffaflığına xələl gəlir”.

 

Mütəxəssis nəticələrin yoxlanılması ilə bağlı başqa vacib bir problemin də olduğunu bildirib:

 

“Yoxlama prosesi ilə bağlı başqa bir problem də var. Məsələn, DİM-in sınağınadan, müəyyən təlimlərdən keçən bir fənn müəllimi həmin fənn üzrə nə qədər çox sual yoxlasa, o qədər çox qazanır.Nəticədə yoxlama zamanı həmin şəxs bütün diqqətini buraya cəmləməkdə çətinlik çəkə bilər. Daha çox qazanc olduğu üçün tez-tez yoxlanış edilə və nəticədə gözdən nə isə qaça bilər. Bu da çox absurd bir yoxlama prosesidir, nəticəsi abituriyentin gələcək həyatına təsir göstərir”.

 

Son olaraq o, buraxılış imtahanlarında bir sıra bölgələrdən olan şagirdlərin əsas üzləşdiyi çətinliyə toxunaraq, bu istiqamətdə müəyyən tədbirlərin görülməli olduğunu bildirib:

 

“Bildiyimiz kimi DİM-in təşkil etdiyi imtahanlarda ingilis dili üçün dinləmə mətnlərindən istifadə olunur. Ancaq çox təəssüf ki, bəzi rayonlarda, hətta ucqar kəndlərdə məktəblilər heç bunun nə olduğunu bilmirlər. Tədris zamanı bu istiqamətdə hazırlaşmaq üçün imkana sahib olmayan abituriyentlər, imtahana məlumatsız gəldikləri üçün çətinliklə üzləşirlər. Bu problemlə bağlı da tədbirlər görülməlidir. Təhsil Nazirliyinin məsələni nəzərə alıb, müəyyən addımlar atması arzuolunandır”.