
2022-2024-cü illərdə ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydalarının təkmilləşdirilməsi, müvafiq qəbul prosesinin elektronlaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
AzEdu.az xəbər verir ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın tədbirlər planına əsasən, müvafiq istiqamətdə əsas icraçılar Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi, digər icraçılar - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
Yekunda ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul üzrə qaydaları təkmilləşdirərək bu sahədə qəbul edilən normativ-hüquqi aktların icrası təmin ediləcək.
Xatırladaq ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilib. Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, yeni baxışlar və vəzifələr müəyyən edilib. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşıb və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır.