Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 11:56:00
Abituriyent imtahanda bunlara mütləq diqqət etməlidir-Psixoloqdan vacib TÖVSİYƏLƏR

 

İmtahan zamanı həyəcan və stressi idarə etmək abituriyentlərin əsas problemlərindəndir.

 

Xüsusilə imtahana ciddi hazırlaşan, gözləntiləri yuxarı olan, ailəsi və yaxınlarının diqqət mərkəzində qalan namizədlərdə imtahan stressi daha ciddi problemlərə, hətta bədbəxt hadisələrə belə səbəb ola bilir. İmtahanlardan əvvəl və sonra abituriyentlər arasında intihar hallarının müşahidə olunması da belə hadisələrə nümunədir.

 

Bəs abituriyentlər imtahan həyəcanına qalib gəlmək üçün nələr etməlidirlər? Bu stressə əsas səbəb nələrdir? Həmçinin ailə və yaxınların üzərinə hansı öhdəliklər düşür?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan klinik psixoloq Nuriyyə Quliyeva bu həyəcanın səbəblərini aydınlaşdıraraq, atılmalı olan addımlara diqqət çəkib:

 

“İmtahan həyəcanı çox geniş mövzudur və bunun üçün xüsusi texnikalar var. Amma abituriyentlərin edə biləcəyi bir neçə məqamı qeyd edək. Bu prosesi imtahan öncəsi, imtahan zamanı və sonrası olmaqla 3 mərhələyə bölmək olar. Ən gərgin və çətin dövlərdən biri imtahan öncəsidir. Bu dövrdə ətrafdakı insanların, xüsusilə də ailənin, müəllimlərin gözlənti və tələbləri abituriyentin imtahan haqqındakı düşüncələrinə təsir göstərir. Onun həyəcanını artıran amillər arasında başlıcası ailənin və digər insanların mövqeyi durur. Təbii olaraq çox stressli bir mərhələdir, çünki abituriyent seçdiyi ixtisasa yiyələnmək üçün müəyyən müddət çalışır. Digər yaşıdlarından daha çox zamanını dərslərinə ayırır, əyləncəsindən keçir, asudə vaxtlarını demək olar ki, məhdudlaşdırır. Daha çox özünü gərgin, zehni fəaliyyətə yönəldir. İmtahan həyəcanı xüsusilə ciddi hazırlaşan, məsuliyyətli, qeyd etdiyim nüanslara daha çox yer verən namizədlərdə olur”.

 

Psixoloq imtahana hazırlıq ərəfəsində valideynlərin övladlarına yanaşma şəkillərinin vacibliyini vurğulayaraq, bu istiqamətdə tövsiyələrini bölüşüb:

 

“İki yanaşma abituriyentin həyəcanını daha çox artıra bilər. Birincisi, valideynlər “mütləq şəkildə bunu edəcəksən”-deyə yanaşma sərgiyələrlərsə,təbii olaraq abituriyent bunu psixoloji yük kimi qəbul edəcək. Nəticədə o diqqətini imtahana, suallara deyil, əsasən, ətrafdakıların fikirlərinə yönəldəcək. İlk uğursuz sualda həmin isanların yanaşmalarını xatırlayacaq. Gözləntiləri qarşılaya bilməyəcəyini düşünüb, daha uğursuz, həyəcanlı vəziyyətlə qarşılaşacaq. Hətta daha sonra cavablaya biləcəyi suallarda belə əhvalı yaxşı olmadığı, ruh düşkünlüyü yaşadığı üçün düzgün cavablar verməmə ehtimalları artır. Bu səbəblə həm valideynlərin, həm də müəllimlərin öhdəsinə çox şey düşür. Əlbəttə ki, övladlarının uğurlarını dəstəkləyə bilərlər, amma ona həddən artıq çox yüklənməyin, “sən bunu mütləq edəcəksən” deməyin. Övladınızı,- “İmtahanda yaxşı nəticə göstərmək də, müəyyən ixtisasa qəbul olmaq da sənin gələcəyin üçündür,əlindən gələni etmisən və vacib olan da bu idi. Nəticələr nə olursa olsun, səninlə qürur duyuruq” şəklində dəstəkləyin”.

 

 

“Bəzi ifadələr abituriyenti motivasiyadan salır”

 

“Digər şəkildə,-“Sən bacarmırsan, sınaqda da az bal topladın” kimi ifadələr işlətmək, həmçinin başqaları ilə müqayisə etmək onu motivasiyadan salır. Qeyd etdiyim nümunələri demək olar ki, müraciət edən abituriyentlərin əksəriyyəti arasında eşitmişəm. Abituriyentlərin böyük hissəsi bu kimi ifadələrin onları daha çox həyəcanlandırdığını bildirirlər. Həyəcan ilk olaraq düşüncədən başlayır. İmtahan verəcək namizədlər uğursuz olacaqlarını düşündükdə, əlbəttə ki, həyəcan artacaq”.

 

Psixoloq imtahan ərəfəsində diqqət edilməli məqamları və yol verilən səhvləri xüsusi olaraq vurğulayıb:

 

“İmtahan öncəsi dincəlməyə xüsusi əhəmiyyət verilməlidir. İmtahan gününə ən azı 3 gün qalmış abituriyentlər mütləq istirahətlərinə vaxt ayırsınlar, dəniz kənarı,yaşıllığın olduğu məkanılara yollansınlar. Ancaq bu zaman hava şəraitini də nəzərə almaları vacibdir, çünki dəyişik hava şəraiti onların səhhətlərində müəyyən problemlərə səbəb ola bilər. İmtahanda uğur qazanmağın bir səbəbi də fiziki rahatlıqdır. Bununla yanaşı imtahana ən azı 3 gün qalmış bu mövzuda nə ailə, nə də qohumlar arasında heç bir söhbət aparılmamalıdır. Bu söhbətlər namizədləri daha da həyəcanlandırır. Abituriyentləri rahatladacaq mövzular haqqında danışmaq, xoş xatirələrini yada salmaq daha məqsədəuyğundur. Həmin günə 1-2 gün qalmış abituriyent nə geyinəcəyini, hansı qələmdən istifadə edəcəyini, hansı ayaqqabını geyinəcəyinə qədər hazır saxlamalıdır. Çünki şəxs fiziki olaraq rahat olarsa, zehni olaraq da rahatlığını qoruyacaq. Rahat geyimlər də imtahan stressini artıra, diqqəti yayındıra bilər. Həmçinin hansı sənədlərin aparılacağı əvvəlki günlərdə artıq hazır qoyulmalıdır. İmtahandan öncəki gün qidalanmaya mütləq şəkildə diqqət edilməlidir,abituriyentlər yeməklərinə fikir verməlidirlər. Bu zaman yuxu da çox vacib amildir. Yuxu rejiminin normal olması həyəcanın idarə edilməsinə kömək edir. Həmin gün səhər erkən durmağa, imtahanın keçiriləcəyi binaya çox erkən getməyə ehtiyac yoxdur”.

 

O, imtahanda zamanı idarəetmənin zəruriliyi və nəticələrə təsirini diqqətə çatdırıb:

 

“İmtahan müddətində abituriyentlər heç kimə diqqət etməməyə çalışsınlar.Əks təqdirdə kim tez, yaxud gec yazır deyə fikir versəz, müqayisəyə keçmiş olacaqsız. Belə olan halda isə tələş yaranacaq. Zamanı idarə etməyi öyrənmək vacibdir. Sualları zamanında cavablamaq, kodlaşdırmanı aparmaq lazımdır. Doğrudur, bu sadəcə 15-20 dəqiqə alacaq, amma kodlaşdırma üçün ən azı bir saat vaxt ayırmaq daha yaxşı olar. Hansı fənn daha rahatdırsa, onun suallarını həll etməklə başlamaq hər zaman qeyd olunan nüanslardandır. Bu nöbəti fənlərin suallarını ruh yüksəkliyi ilə cavablamağa şərait yaradacaq. Eyni zamanda mütləq şəkildə zamanınızı sonuna kimi istifadə edin, sualları tez bitirib, çıxmağa çalışmayın”.

 

Psixoloq son olaraq, -“İmtahandan sonra sizi gözləyən yaxınlarınız, dostlarınızla hisslərinizi bölüşə bilərsiniz. Sonrakı mərhələdə daha çox abituriyentin ətrafındakı insanlara yük düşür. Onlar nəticəsinin nə olmasından asılı olmayaraq abituriyentə dəstək olmalıdırlar”-deyə tövsiyələrini yekunlaşdırıb.