
Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Hüquq fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin ailəsi ilə görüşüb, məzarını ziyarət edib.
AzEdu.az xəbər verir ki, ziyarət zamanı BDU-nun Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən Rahim Məmmədov, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Aytəkin İbrahimova, fakültə Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Nurulu şəhid Ceyhun Şalıyevin Vətən uğrunda şəhidlik zirvəsinə ucaldığını vurğulayıblar. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyevin əziz xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gənclər üçün örnək olacağı qeyd edilib.
Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak edən Ceyhun Şalıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Ceyhun Şalıyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.