Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-14 18:05:00
DİM: 14 dövlət orqanında mövcud olan 60 vakant vəzifə daxili müsahibəyə çıxarılıb  

Martın 18-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elan üzrə 14 dövlət orqanında mövcud olan 60 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 114 namizədlə 119 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Maliyyə Nazirliyi, Büdcə şöbəsi, Dövlət büdcəsinin icrasının təhlili sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd), İqtisadiyyat Nazirliyi, Rəhbərlik, dövlət orqanı rəhbərinin müşaviri (1 vakant yer üzrə 12 namizəd) üzrə yaranıb.

Müsahibələrin aprelin 20-dən mayın 30-dək keçirilməsi planlaşdırılır.

Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabinet”inin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.