Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-22 09:30:00
Paytaxt məktəbində şəhidin xatirəsi anılıb  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 60 nömrəli tam orta məktəbin məzunu, Vətən müharibəsi şəhidi Rəşad Zeynallının barelyefinin açılışı və şəhidin xatirəsinə həsr edilmiş “Rəşadətli ömür” sənədli filminin təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki,  ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva hər bir Azərbaycan vətəndaşının ərazi bütövlüyümüzün qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanımalı olduğunu qeyd edib. İdarə müdiri bu işdə təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşdüyünü deyib, Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. M.Vəliyeva Vətən müharibəsi iştirakçısı, şəhid Rəşad Zeynallı kimi müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların hər zaman gənc nəslə örnək olduğunu vurğulayıb.

 

Milli Məclisin deputatı Elnur Allahverdiyev, 60 nömrəli tam orta məktəbin direktoru Emilya Səfərəliyeva, şəhid haqqında yazılmış “Kiçik dünyanın böyük insanları” kitabının müəllifi Jalə Cəfərova Rəşad kimi qəhrəmanların gənc nəslə örnək olduğunu söyləyiblər. Bildirilib ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Rəşad Zeynallı heç zaman unudulmayacaq, gənclərimiz onu özlərinə daim örnək biləcəklər.

 

Tədbirdə çıxış edən şəhidin atası Qiyas Zeynallı və ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər, xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, Rəşad Zeynallı Vətən müharibəsində iştirak edib. O, 2020-ci il oktyabrın 8-də şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.