Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 16:42:00
Qeyri-qanuni direktor müavini işləyən şəxs üçün hansı tədbirlər görülə bilər? -Ekspertdən geniş izah

 

“Məsələ inzibati qaydada həll olunmasa, ən pis halda məhkəmə müstəvisində baxılması zərurəti yaranacaq”

 

Məktəblərin birində Təsərrüfat işləri üzrə direktor müavininin orta təhsilinin olmaması ilə bağlı məlumatlar yayıldı və bu mövzuda araşdırma aparıldığı bildirildi.

 

Mövzu təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb oldu, həmçinin bu istiqamətdə müəyyən suallar da meydana gəldi.

 

Ümumilikdə  məktəblərə işçi qəbulu və məktəbdaxili vəzifə təyinatları necə tənzimlənməli,  belə halların olmaması üçün necə nəzarət mexanizmi həyata keçirilməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov ilk olaraq məktəbdə sözügedən vəzifənin əmək funksiyaları və işçi tələblərilə bağlı məlumat verib:

 

“Hər şeydən əvvəl kiçik bir xatırlatma yerinə düşər ki,  “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən Təsərrüfat işləri üzrə direktor müavininin Əmək funksiyasına məktəbin təsərrüfat işlərinə rəhbərlik etmək, təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin etmək,  kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaq, məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin etmək kimi vəzifələr aiddir.  

 

“Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda habelə Təsərrüfat işləri üzrə direktor müavininin təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilinə dair əmək qanunvericiliyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və s. dair  nələri bilməli olan norma və qaydaların təsnifatı, ödəniş dərəcələrinə ixtisas tələbləri belə öz əksini tapıb. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin təsərrüfat işləri üzrə direktor müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı”.

 

 

Mütəxəssis bu kimi halların sadəcə bu vəzifədə müşahidə olunmadığını bildirib:

 

“Əlbəttə, yüzlərlə, bəlkə də minlərlə ali və orta ixtisas təhsillilərin işsiz durumda olduğu fonda hansısa bir ucqar kənddə deyil, məhz şəhərin mərkəzi məktəblərinin birində orta təhsili belə olmayan birinin direktor müavini işləməsi ilk baxışda kimlərəsə nəinki təəccüblü, hətta qəribə görünə bilər. Lakin məsələnin digər tərəfinə baxsaq, Respublikanın 4500 civarında olan məktəblərində təkcə bu fakt istisnalıq təşkil edirmi? Ödəniş dərəcələrinə ixtisas tələbləri təkcə, Təsərrüfat işləri üzrə direktor müavini kateqoriyasında pozulubmu? Laborantlar, kitabxanıçılar, uşaq birliyi rəhbərləri və digərləri arasında belə hallara heç yol verilməyibmi?”

 

Mütəxəssis məsələni müxtəlif istiqamətlərdən dəyərləndirərək, ortaya çıxan və cavabsız qalan suallarının olduğunu qeyd edib:

 

“Rəsmi cavaba əsasən paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib: “2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Qeyd olunan məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub”.

 

Sözün bütün mənalarında “problem-situasiya” yaranıb. “Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub” Aidiyyatı orqan dedikdə hansı qurum nəzərdə tutulub? Hansı müvafiq tədbir görülə bilər?  Nəyə görə məsələ vaxtında deyil, 20 ilə yaxın bir müddətdən sonra üzə çıxarılıb?  Uzun müddət ixtisaslaşmış, püxtələşmiş, işində hər hansı bir nöqsana yol verməyibsə, ixtisar aparmaq zərurəti yoxdursa, işə düzəlmək üçün saxta sənəd təqdim etməyibsə, kiminsə günahı və ya vasitəçiliyi üzündən işə qəbul olunubsa, işçi nə adla işdən azad oluna bilər, bu illər ərzində aldığı əmək haqqını özümü, dövlət mi kompensasiya edəcək?”

 

O, belə halların bir daha müşahidə olunmaması üçün nəzarət mexanizminin gücləndirilməli olduğunu vurğulayıb:

 

“Suallar çoxdur.  Məsələyə tam aydınlıq gətirilməyənə qədər konkret mövqe bildirmək çətindir. İstənilən halda, məsələ inzibati qaydada həll olunmasa, ən pis halda məhkəmə müstəvisində baxılması zərurəti yaranacaq. Məktəblərə işçi qəbulu və məktəbdaxili vəzifə səlahiyyətlərinin tənzimlənməsi, ümumilikdə belə hallara bir daha yol verilməməsi üçün nəzarət mexanizmləri bir qədər də gücləndirilməlidir. Hansı müvafiq tədbir görülə bilər? Əsas odur ki, bundan sonra belə hallara yol verilməsin, verilsə belə obyektiv qiymətləndirilsln...”