
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Refleksiv müəllim” layihəsi çərçivəsində növbəti seminar təşkil edilib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulan budəfəki seminarda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Mustafayeva “Tezis nədir?” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarda icmal əsasında yazı işinin təşkili prosesində tezis və onun arqumentlərlə əsaslandırılması, planın necə qurulması, müəllimin dərsdə istifadə etdiyi üsullar, tezis və planın müqayisəsi məsələləri ətrafında müzakirələr aparılıb. Mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər.
Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.