Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-03 13:13:00
Respublikamızda  təhsil sisteminə yeni metodlar, anlayışlar daxil olur  

Dünya dəyişir və sürətlə inkişaf edir. Bu inkişafa ayaq uydurmaq üçün isə bütün dövlətlərdə islahatlar və yeniliklər ilk növbədə təhsil sahəsində aparılır. Respublikamızda da təhsilə sisteminə yeni metodlar, anlayışlar daxil olur.

 

Təhsilimizdəki yeni yanaşmalara nəzər salsaq süni intellektin həyatımıza inteqrasiyasına, gənclərin erkən dövrlərdən texnologiyanı yüksək səviyyədə öyrənmələrinə, İKT-nin (İnformasiya və Kommunikasiya Texnologiyaları) onların təhsil həyatında əvəzsiz yer tutduqlarına şahid ola bilərik. Texnologiyaların məktəb dövründən azyaşlılara öyrədilməsi prosesinə isə şübhəsiz ki, “STEAM Azərbaycan” layihəsi öndərlik edir. Bu layihə əsasında məktəbliləri fərqli təhsil metodları ilə kreativ düşüncə, komanda ilə işləmə bacarığı, məntiqi təndiq kimi anlayışlar aşılanır.

 

“Sabahın alimləri” Respublika Müsabiqəsi də öz növbəsində təhsilə və ölkənin gələcəyi olan gənclərə böyük fayda göstərir. Müsabiqənin məqsədi, ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. 2012-ci ildən start götürən bu müsabiqə məktəbliləri elmi axtarışlara sövq etməklə yanaşı İSEF – Beynəlxalq Elm və Mühəndislik sərgisi vasitəsilə onlarda bir növ təmsilçilik ruhu da yaradır. Müsabiqə nəticəsində ortaya çıxan və məktəblilər tərəfindən hazırlanan “Zəfəran bitkisinin reproduktiv sağlamlığa təsiri”, “Yeni nano ölçülü su konsepsiyası” kimi layihələr bir daha ölkə gəncliyinin potensialını ortaya qoyur.
Son dönəmin uğurlarından biri də məhz məktəblilərimizin Avropa Fizika Olimpiadasından uğurlu nəticə ilə qayıtması oldu. Onlar olimpiadada uğurla çıxış edərək 4 bürünc və 1 “Həvəsləndirici mükafat” qazandılar.


Tələbələrin yüksək səviyyədə ali təhsilə yiyələnməsi, eləcə də, dünyanın nüfuzlu universitetlərində təhsil alması dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Son müddətdə bu sahədə görülən ən böyük işlərdən biri də məhz ölkə başçısı tərəfindən  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması oldu. Bununla da gənclərimiz dünya üzrə yüksək reytinqli təhsil müəssisələrində təhsil almaq imkanını əldə etməklə yanaşı, eləcə də, xaricdə ölkəmizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin təbliğatını aparmaq şansı qazandılar.


Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin 22-25 may 2022-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində ənənəvi keçirilən Dünya Təhsil Forumunda iştirakı yadda qalan hadisələrdən biri oldu. Təhsil nazirinin Forumun “Ümid etdiyimiz cəmiyyəti necə uğurla qura bilərik” mövzusunda təşkil olunmuş 7-ci plenar sessiyada çıxış etməsi və ölkəmizdə təhsilin inkişafı üçün görülən işləri, eləcə də, bu məsələ üzrə qurulan gələcək planları Forum iştirakçılarına çatdırması ölkə təhsilinin inkişafa meyillilik potensialını bir daha sübut etdi.

 


Hazırda ölkədə təhsil sahəsində aparılan islahatların, atılan addımların ilk növbədə gənclər və onların inkişafı üçün həyata keçirildiyini deyə bilərik. Beynəlxalq standartlara uyğun təhsil sistemi qurulmasında gənclər də böyük rol oynayır. Respublikamızda onların inkişafı üçün yaradılan imkanlardan istifadə etmək, əldə etdikləri bilik və bacarıqları ölkəmizin inkişafı üçün istifadə etmək, şübhəsiz ki, gənclərin ölkə təhsilinin inkişafı uğrunda etdiyi ən böyük xidmət olacaqdır.

 


Rəşad İmanov
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin IV kurs tələbəsi