AzEdu.az xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.
Riyaziyyat fənni üzrə iclasda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər. Onların hər biri dərsliklərin qiymətləndirmə və monitorinqi meyarları əsasında hazırladıqları rəyi təqdim edib. Rəylər müzakirə edilib. İşçi qrupunun üzvləri rəylərlə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.
Elektron qeydiyyatdan keçmiş bu şəxslərə qapalı, cavabı kodlaşdırıla bilən açıq tipli və cavabı yazı ilə ifadə olunan situasiya tapşırıqlarının hazırlanması tapşırılıb.
Coğrafiya fənnindən iclasda isə müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.