
2018-2019- cu tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavr səviyyəsinin I kursuna qəbul olunmuş abituriyentlərin avqustun 16-dan başlanan sənəd qəbulu davam edir.
AzEdu.az xəbər verir ki, bu barədə LDU-u rəhbərliyi tərəfindən “2018-2019-cu tədris ilində bakalavriat səviyyəsinə tələbə qəbulu işinin təşkili haqqında” 23 iyul 2018 -ci il tarixli əmr imzalanıb.
Əmrə əsasən, ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara müvafiq təşkili və keçirilməsi məqsədilə universitetdə fəaliyyət göstərən fakültə dekanlarından və əməkdaşlarından ibarət yaradılan işçi qrupa ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işlənməsi tapşırılıb.
İşçi qrup LDU-nun Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı-50 ünvanında,universitetin inzibati binasında hər gün saat 9-dan 17-yə kimi fəaliyyət göstərir.
Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. İşçi qrup universitetə qəbul olunmuş birinci tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Eyni zamanda, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tələbə və valideynlərlə görüşərək qeydiyyat prosesinin gedişi ilə tanış olub ,respublikanın müxtəlif rayonlarından,paytaxt Bakıdan gəlmiş tələbələrə ali təhsil üçün məhz LDU –nu seçmələrində heç də yanılmadıqlarını,burada tam şəffaf və obyektiv təhsil mühitinin yaradıldığını, təlim-tədris –təcrübə bazasının daim yeniləndiyini, yüksək ixtisaslı pedaqoji kadrların tədris prosesinə cəlb edildiyini bildirib.
LDU-ya qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması üçün yaradılmış komissiyadan aldığımız məlumata görə, bu il LDU-nun əyani və qiyabi şöbələrinə 26 ixtisas üzrə 1036 tələbə qəbul olunub və plan yerlərinin 87 % dolub. Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən imkansız ailədən olub ödənişli ixtisaslara qəbul edilən tələbələrə illik ödəniş haqqını birdəfəlik yox, təhsil ili müddətində mərhələli şəkildə ödəmək imkanı da yaradılıb.
Xatırladaq ki,tələbələrin qeydiyyatı şənbə və bazar günləri də daxil olmaqla, avqust ayının 28-nə kimi davam edəcək.