
İşarət dili eşitmə və danışma məhdudiyyəti olan insanlarla ünsiyyət qurmaq üçün istifadə olunur. Əvvəllər insanlar özləri icad etdikləri jestlərdən istifadə edirdilər, lakin 18-ci əsrdən etibarən vahid sistemli dillər yaranmağa başladı. Bununla xüsusilə Fransa (Mişel de l'Epe) və Almaniya (Samuel Geinicke) məşğul idi.
Bəs Beynəlxalq işarət dili varmı?
Xeyir. Ölkələrin fərqli dilləri olduğu üçün, işarət dilləri də fərqlənir. Hətta bir ölkədə bir neçə növ də işarət dili ola bilər: məsələn, İspaniyada ispan və katalan dilləri mövcuddur. Azərbaycanda da xüsusi işarət dili var.
Buna görə də müxtəlif ölkələrdən olan insanlar ölkə daxilində öyrəndikləri işarət dilindən istifadə edərək bir-birlərini başa düşməyə bilərlər. Dünyada onların 120-dən çox olduğu güman edilir. Ümumilikdə 300 milyondan çox insan işarət dili ilə ünsiyyət qurur.
Azərbaycanda işarət dili
Ölkəmizdə kifayət qədər eşitmə və danışma məhdudiyyətli insanlar var. Dövlət onlara xüsusi qayğı göstərir. Onlar üçün 2 N-li və 3-N-li Respublika xüsusi internat məktəbləri var. Həmin məktəblərdə 790-dan çox şagird təhsil alır. Universitetlərdə bu mövzuda bir çox layihələr və təlimlər keçirilir. Həmin şəxslərin bir çox hallarda ali təhsildən kənar qalmasına görə gələcəkdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün xüsusi fakültələrin və ixtisasların açılması müzakirə olunur. Azərbaycan eşitmə və danışma məhdudiyyətli şəxslərin cəmiyyəti olan Dünya eşitmə və danışma məhdudiyyəti olan şəxslərin federasiyasının (WDF) üzvüdür. Bu proqram eşitmə və danışma məhdudiyyətli insanların yaxşı yaşamasını təmin etmək üçün yaradılmışdır.
İşarət dilinin Amerika və bəzi Avropa ölkələrində dövlət dili statusuna malik olsa da, Azərbaycanda bu dil dövlət dili statusuna malik deyil.
İşarət dilini necə öyrənmək olar?
Statistika göstərir ki, işarət dilini mükəmməl öyrənmək üçün uşaqlıqdan başlamaq lazımdır. Ancaq kifayyət qədər bu dili sıfırdan mükəmməl öyrənmiş yetkin insanlar da vardır. Sıfırdan işarət dilini xüsusi əlifbanın, video dərslərin, jest mahnılarının və kursların köməyi ilə öyrənə bilərsiniz.
Yeri gəlmişkən, jest dilini bilən insanlar surdotərcüməçi diplomu ala bilər.
Samir Mehdiyev
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin IV kurs tələbəsi