Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 16:00:00
 Müstəqil Monitorinq Mərkəzində növbəti müzakirə - Ana dili və ədəbiyyat dərsliklərindəki ciddi səhvlər

Bir müddət əvvəl AzEdu.az Təhsil Portalı   nəzdində yaradılan Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzində növbəti müzakirə keçirilib.

 

Budəfəki müzakirədə Azərbaycan dili və ədəbiyyatı dərslikləri müzakirə edilib. Müzakirə zamanı dərsliklərdəki bəzi iradlarla yanaşı, müəyyən təkliflər də səsləndirilib.

 

Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin müzakirəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Fəxrəddin Yusifov, “T-network” təhsil şəbəkəsinin koordinatoru, tanınmış təhsil mütəxəssisi Qoşqar Məhərrəmov, Respublika Təhsil Şurasının həmsədri Arif Gürşadoğlu, təhsil məsələləri üzrə mütəxəssis Məzahir Məmmədli, AzEdu Təhsil portalının baş redaktoru Elmin Nuri tanınmış pedaqoq-psixoloq Aysel Rəsulzadə, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Zülfünaz Qurbanova və Təranə Əliyeva iştirak ediblər.

 

ADPU-nun əməkdaşı Fəxrəddin Yusifov əsasən Ədəbiyyat dərslikləri ilə bağlı problemlərə toxunub:

 

“Ədəbiyyat dərsliklərində elə əsərlər var ki, onlar vasitəsilə şagirdlərə mənəvi dəyərlər aşılamaq mümkün deyil. Bəziləri süzgəcdən keçərək proqrama salınmalıdır. Dərsliklərin tərtib olunması ilə bağlı ümumi vahid qaydaların təsdiq olunması bu baxımdan arzuolunandır. İkinci ən böyük problem qeyd etdiyim kimi dərsliklərlə bağlı müzakirələrin təşkil olunmamasıdır. Ədəbiyyat kursu müəyyənləşərkən, artıq biz fənyönümlü işlər qurmuruq, şəxsiyyətyönümlülük var. Biz düşünürük ki, ilk olaraq insanı yetişdirək, həmin insanın həyatdakı problemləri həll etmək qabiliyyəti olsun. Əgər ədəbiyyat həyat dərsliyidirsə, o problemi verməlidir, uşaq da bunu görəndə üzərində düşünməlidir”.

 

Məktəbguşəsi.az saytının rəhbəri Məzahir Məmmədli əsas dərsliklərlə yanaşı, alternativ dərsliklərdə də problemin olduğunu bildirib:

 

“Məktəb dərsliklərilə bərabər alternativ dərsliklər də var. Məsələn, kursların, Dövlət İmtahan Mərkəzinin ayrıca dərs vəsaitləri mövcuddur. Hərçənd ki, bunlar yardımçı vəsaitlərdir, amma bütün hallarda dərs vəsaiti hesab olunurlar. Çünki bu kimi məsələlər bir mərkəzdən qaynaqlanır. Həmin dərs vəsaitlərini tərtib edənlər də bizim universitetlərin məzunlarıdır”.

 

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov  dərsliklərin müəllimlər tərəfindən yazılmasını daha doğru hesab etdiyini qeyd edib:

 

“Düşünürəm ki, dərslikləri alimlər deyil, müəllimlər yazmalıdırlar. Vəsaitlər bir-iki nəfər tərəfindən yox, komanda tərəfindən ərsəyə gətirilməlidir. Təhsil İnstitutu ilə Sinqapur şirkəti arasında əməkdaşlığı təqdir edir və alqışlayırıq. Amma o da mükəmməl deyil, məzmun yenə də ağırdır.Məsələn, qurbağanın sinəsində neçə sümüyün olması qeyd olunur. Dünyada heç bir biologiya dərsində bunu əzbərlətmirlər. Bunu şagirdlər öyrənməməlidir, qurbağaları araşdıran mütəxəssislər öyrənirlər. Vəziyyət digər fənlərdə də eynidir. PISA-da nəticələrimizi yüksəltmək istəyiriksə, diqqətli olmalıyıq”.

 

AzEdu.az saytının baş redaktoru Elmin Nuri müzakirədə toxunulan fikirlərin sonradan dərslik müəllifləri ilə bərabər, ayrıca müzakirə olunacağını, üzərində durulan məsələlərin təhsillə əlaqəli dövlət qurumlarına təqdim ediləcəyini bildirib.

Arif Gürşadoğlu Azərbaycan dili dərsliklərindəki tarixi mətnlərlə bağlı ciddi nöqsanların olduğunu qeyd edib.

 

Müzakirə zamanı iştirakçıların təqdim etdiyi faktlar, nümunə çəkdikləri nöqsanlar Azərbaycan dili və ədəbiyyatı dərsliklərində həqiqətən də ciddi problemlərin olduğunu təsdiqlədib.  

 

Qeyd edək ki, Mərkəzin  yaradılmasında əsas məqsəd dövlətin təhsil  siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir.