Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 18:00:00
Müəllimlər və məktəb psixoloqları ixtisasartırma təlimində iştirak ediblər

“Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” layihəsi çərçivəsində Ağdam, Tovuz, Gəncə, Goranboy, Tərtər, Füzulu, Bərdə və Ağcabədidə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllimləri üçün təlimlər keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, müəllimlər “Əsas sosial-emosional bacarıqların inkişafı” adlı ixtisasartırma təlim proqramına cəlb olunublar. Təlimlər vasitəsilə müəllimlər uşaq və yeniyetməyə münaqişədən sonrakı şəraitdə stres və narahatlıqla daha yaxşı mübarizə aparmaq, təməl və praktik psixoloji dəstək vermək, şagirdlərdə şəxsiyyətdaxili və şəxsiyyətlərarası emosional bacarıqları inkişaf etdirmək, dəstəkləyici sinif mühiti yaratmaq üçün lazımi bilik və bacarıqlara yiyələniblər.

 

Eyni zamanda, həmin bölgələrin məktəb psixoloqları “Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım bacarıqları” adlı ixtisasartırma təlimində iştirak ediblər. Bu təlimlərin köməyilə məktəb psixoloqları uşaq və yeniyetmələr arasında müxtəlif psixi travmaların aradan qaldırılması yönündə şagird, müəllim və valideynlərlə aparmalı olduqları maarifləndirmə, profilaktika, psixodiaqnostika, korreksiya, reabilitasiya işlərinin təşkili sahəsində bacarıqlarını formalaşdıraraq ilkin psixoloji yardım göstərmə qabiliyyətlərini gücləndiriblər.

 

Qeyd edək ki, bu fəaliyyətlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu ilə birgə Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində həyata keçirilib.