Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 15:53:00
ADNSU ilə “Huawei” şirkəti arasında əməkdaşlıq genişlənir  

İyunun 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Huawei” şirkətinin Bakı ofisinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia və Müştərilər üzrə meneceri Eldəniz Əliyevlə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə rektorun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev, Beynəlxalq əlaqələr üzrə prorektorun müavini dos. Ülviyyə Abbasova, Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, Kompüter mühəndisliyi kafedrasının müdiri, dos. Nazilə Rəhimova, Cihaz mühəndisiyi kafedrasının müdiri, prof. Lalə Bəkirova və ADNSU-nun digər əməkdaşları iştirak ediblər.

 

Tədbirdə “Huawei”in nümayəndələri ADNSU tələbələri üçün nəzərdə tutulan “Seeds for the Future” layihəsi haqqında ətraflı məlumat veriblər.  Həmçinin, layihə çərçivəsində “Huawei” ekspertlərinin Azərbaycandan olan 30 tələbəyə İT sahəsi üzrə təlimlər verməsi nəzərdə tutulduğu qeyd edilib. Daha sonra “Huawei” və ADNSU arasında mövcud əməkdaşlığın genişləndirilməsi məsələləri və gələcək planlar müzakirə olunub.

 

Görüşün sonunda “Huawei” şirkətinin nümayəndələri universitet laboratoriyalarında olub, yaradılan şərait və dərs mühiti ilə  tanış olublar.