
Təhsil İnstitutu tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes, innovasiyalarla bağlı onlayn kurslara tələbə qəbulu elan edilib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, maraqlanan şəxslər www.tehsilim.edu.az platformasına daxil olaraq iyunun 20-dək kurslardan qeydiyyatdan keçə, öz bilik və bacarıqlarını artıra bilərlər. Hər bir kursu bitirmək üçün potensial tələbələrə 3 ay vaxt verilməsi nəzərdə tutulub. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sonda sertifikat təqdim olunacaq. “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma”, “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur. Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrində müvafiq struktur bölmələrin əməkdaşları üçün nəzərdə tutulub.
Xatırladaq ki, iyunun 21-dən etibarən kurslara start veriləcək.