
Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru üzrə danışıq bloku imtahanı davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iştirakçılar DİM-in saytından imtahana buraxılış vərəqəsində göstərilən yer (DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binası, 8 Noyabr metrostansiyasının yanı) və saatda imtahan verirlər.
Xatırladaq ki, xarici dil üzrə danışıq bloku imtahanı iyunun 16-dan etibarən keçirilir və iyunun 19-dək davam etdirilməsi nəzərdə tutulur. İyunun 16-da keçirilən imtahanda iştirak etməli olan 645 nəfərdən 41 nəfər, iyunun 17-də isə 639 nəfərdən 36 nəfər imtahana gəlməyib.
Dövlət İmtahan Mərkəzi müxtəlif səbəblərdən iyunun 16-17-də danışıq bloku imtahanına gəlməyən şəxslər üçün imtahan vermək imkanı təklif edir. İmtahanda iştirak etmək istəyənlər iyunun 19-u saat 15:30-dan 16:30-dək DİM-in 8 Noyabr metrostansiyasının yanında, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasına yaxınlaşa bilərlər.
Xatırladaq ki, danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmur.