
Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 3 gənc də ali məktəblərə daxil olub.
AzEdu.az Trend-ə istinadən məlumat verir ki, bu il qəbul imtahanlarında uğurlu nəticə göstərərək ali məktəb tələbəsi adını qazananlar arasında yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri də var.
Peşə Reabilitasiya Mərkəzində tikişçilik peşəsi ilə yanaşı, dizayn sahəsi üzrə bilik və bacarıqlara yiyələnən Nərgiz Hümbətli (Bakı) qəbul imtahanlarında müsbət nəticə (73 bal, qabiliyyət üzrə 10 bal) əldə edərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (dekorativ tətbiqi sənət ixtisası) qəbul olub. Mərkəzdə dizayn peşəsi üzrə kursu bitirən İlahə İsmayılova (Bakı şəhəri) da (58 bal, qabiliyyət üzrə 10 bal) həmin Akademiyanın dizayn ixtisası üzrə tələbəsi olmaq uğuruna imza atıb. Tam görmə məhdudiyyəti olan Xanoğlan Sadıqov (Şəmkir rayonu) isə Mərkəzdə toxuma peşəsinin sirlərinə yiyələnib. Onun hazırladığı əl işləri, muncuqlarla toxuduğu güllər müxtəlif sərgilərdə maraqla qarşılanıb. İmtahanlarda Xanoğlan 428 bal toplayıb və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub.