Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-29 16:00:00
 Elmlər Akademiyası müstəqil dövlətin simasıdır

 

Bu gün cəmiyyətimizdə Azərbaycan Milli Elmlər Akademiyası necə olmalıdır, dövlətin inkişafında onun rolu nədən ibarətdir məsələləri geniş müzakirə olunur. Fikrimcə, bütün dünyada olduğu kimi, bizim Elmlər Akademiyamız da dövlətin əsas iqtisadi rıçaqlarından biri olmalıdır, çünki elmi komponent olmadan müasir iqtisadiyyatın inkişafı haqda danışmaq mümkün deyil.

 

Dünyanın aparıcı ölkələrinə nəzər salaq. ABŞ, Fransa, Çin, Rusiya. Bu ölkələrin hər birinin fəxr etdiyi dünyaca məşhur Elmlər Akademiyaları var və Akademiya öz fəaliyyəti ilə bu ölkəni təcəssüm etdirir. 1863-cü ildə ABŞ prezidenti Abraham Linkolnun fərmanı ilə yaradılmış Amerika Milli Elmlər Akademiyası dünyanın ən nüfuzlu Elmlər Akademiyalarından biridir və hər bir alim bu Elmlər Akademiyasının sıralarında olmağı arzulayır və şərəf  hesab edir. Onun sıralarında Nobel mükafatı laureatları A.Eynşteyn, N.Bor, E.Rezerford və başqaları kimi görkəmli alimlər var idi. Hazırda görkəmli alimlər, Nobel mükafatı laureatları, fiziklər P. Berq və R. Laflin, Abel mükafatı laureatları - Y. Sinai və Q. Qromov, Fields laureatları - E. Zelmanov və V. Drinfeld və başqaları da Amerika Milli elmlər Akademiyasının üzvləridir. Amerika Milli Elmlər Akademiyası dövlətin onurğa sütunudur və iqtisadi böhranın çətin illərində ABŞ liderləri hər zaman ona müraciət ediblər. Bu, 1929-1939-cu Böyük Depressiya illərində və dünya iqtisadi böhranının başladığı 2008-ci ildə belə idi. Ona görə də ABŞ-da Amerika Milli Elmlər Akademiyasını elmi məsələlərdə millətin müşaviri adlandırılması da səbəbsiz deyil. Hazırda Amerika Milli Elmlər Akademiyasının tərkibində 190-a yaxın Nobel laureatı var, deyə bilərik ki, bəşəriyyətin önəmli şəxsiyyətləri.  2016-cı ildən Amerika Milli Elmlər Akademiyasının prezidenti həm də Çin və Rusiya Elmlər Akademiyasının xarici üzvü olan məşhur alim Marcia McNutt dur, bu da həm Amerikanın, həm də yuxarıda qeyd edilən iki Akademiyanın yüksək qlobal nüfuzunu təsdiqləyir.

 

Ən qədim elmi ənənələrə malik olan, böyük kəşflərin - kağız, kompas, barıt və s.-nin vətəni olan Çin, Elmlər Akademiyası sistemində inkişaf etmiş elm sayəsində, inanılmaz iqtisadi uğurlara imza atmış və ABŞ-dan sonra (Avropa Birliyini nəzərə almadan) dünyanın ikinci iqtisadiyyatı olmuşdur. Bu ölkənin iqtisadi artım tempi dünyada ən yüksək göstəricilərdən biridir. Ölkə elmi inkişafa ildə 450 milyard ABŞ dollarından çox vəsait xərcləyir (bu göstərici üzrə Çin dövləti ABŞ-dan sonra ikinci yerdədir, ABŞ-da bu rəqəm 500 milyard dollardan çoxdur) bu isə, onun sürətli iqtisadi artımının və hərbi qüdrətinin əsasını təşkil edir. Çin iqtisadiyyatı elmlə, xüsusən də müxtəlif dövlət sifarişlərini birbaşa yerinə yetirən Çin Elmlər Akademiyası ilə sıx əməkdaşlıq şəraitində inkişaf edir. Öz növbəsində Çin dövləti, Çin Elmlər Akademiyasına ən yüksək səviyyədə dəstək göstərir. Çin Elmlər Akademiyasına üzv olmaq son dərəcə çətindir. Məsələn, dünya şöhrətli əczaçılıq sahəsində tanınmış alim Tu Youyou, Nobel mükafatı laureatı olaraq, 3 dəfə Çin Elmlər Akademiyasına namizədliyini irəli sürmüşdür, lakin seçilə bilməmişdir, çünki Çində Elmlər Akademiyasına seçilmək üçün çox mürəkkəb kriteriyalar var. Elmə töhfə verən, beynəlxalq aləmdə tanınmış layiqli alimləri seçmək üçün bizim Elmlər Akademiyasında da analoji seçim meyarlarını tətbiq etmək məqsədə uyğun olardı. Çin Elmlər Akademiyasının prezidenti - kimya sahəsində görkəmli mütəxəssis olan Hou Jianquo həm də uzun illər Ümumdünya Elmlər Akademiyasının prezidenti olub, bu da Çin Elmlər Akademiyasının yüksək nüfuzundan xəbər verir.

 

Sovet İttifaqı qabaqcıl elmin sayəsində dünya dövləti idi. Ölkə ÜDM-in 5%-dən çoxunu elmi və texnoloji inkişafa xərcləyirdi. Tarixdə belə bir hadisə olmayıb və bir daha təkrarlanarsa, aydındır ki, tezliklə olmayacaq. Bu gün İsrail və Cənubi Koreya ÜDM-ə nisbətdə ən çox, 4%-dən bir qədər çox elmi xərclərə sərf edir və bunun sayəsində güclü və sürətlə inkişaf edən iqtisadiyyata malikdirlər.

 

Məhz, Elmlər Akademiyasının aparıcı rol oynadığı SSRİ-də elmin yüksək səviyyədə və səmərəli təşkili sayəsində Sovet İttifaqı müxtəlif sahələrdə, kosmosun tədqiqində, fundamental elmlər və tibb sahəsində inanılmaz nəticələr əldə etmişdir. Bəziləri hesab edir ki, SSRİ-də elm azad və fərdi xarakter daşıyırdı, yəni hər kəs istədiyi sahə və istədiyi məsələlərlə məşqul olurdu. Bu tamamilə yanlış fikirdir. SSRİ-də elmi təşkilatlar, xüsusən də Elmlər Akademiyasının bölmələri, onun elmi-tədqiqat institutları dövlət sifarişlərini birbaşa və ya müqavilə şəklində həyata keçirirdilər. Hətta elmi-tədqiqat institutlarında elə bölmələr var idi ki, yalnız dövlət sifarişlərini yerinə yetirirdi və dövlətə xeyir verirdi. XX-ci əsrin 70-80-ci illərində SSRİ-də ən yüksək dövlət səviyyəsində, güyə digər bölgələrə də inkişaf gətirmək üçün böyük çayların məcrasının dəyişdirilməsi məsələsi müzakirə olunurdu. Məhz, SSRİ Elmlər Akademiyasının müdaxiləsi sayəsində belə sərsəm ideyanın həyata keçirilməsinin qarşısını almaq və dünyanı böyük ekoloji fəlakətdən xilas etmək mümkün oldu. Ona görə də dövlətin inkişafında Elmlər Akademiyasının rolu əvəzsizdir və bu gün dünyada praktiki olaraq elə bir ölkə yoxdur ki, elmi işlərin xidmətlərindən istifadə etməsin və bu istiqamətdə aparıcı rol Elmlər Akademiyasına məxsusdur. Elmlər Akademiyaları təkcə elmi tədqiqatların ən yüksək səviyyədə aparıldığı təşkilatlar deyil, eyni zamanda həm də dünya səviyyəli alimlər yetişdirən kadrlar qurumlarıdır. Kosmik sahənin inkişafında böyük rol oynamış akademiklər M.V.Keldış, S.P.Korolev, B.N.Petrov, müdafiə sənayesinin əsaslarını yaratmış akademiklər İ.V.Kurçatov, Y.B.Xariton, F.F.Lange, Y.B.Zeldoviç, Nobel mükafatı laureatları, akademiklər: N.N.Semenov (Kimyavi fizika institutunun yaradıcısı), A.V.Proxorov və N.Q.Basov (lazeri kəşv edənlər) və bir çox qabaqçıl alimlər (burada hamını sadalaya bilmərik) məhz SSRİ Elmlər Akademiyasında böyüyüb formalaşıblar. Rusiya iqtisadiyyatının tənəzzülünə baxmayaraq, onun əsasən Rusiya Elmlər Akademiyasında cəmləşən fundamental elmi bü gündə dünyada aparıcı elmlərdən biri hesab olunur. Bu gündə REA üzvləri dünya şöhrətli alimlərdir - Abel mükafatı laureatı - Y.Q.Sinai, Filds medalı və Lenin mükafatı laureatı - S.P.Novikov, Lenin mükafatı laureatları - İ.A.İbrahimov, Yu.A. Rozanov və başqaları. Onu da vurğulamaq lazımdır ki, bu alimlərin əsas fəaliyyəti sıx Elmlər Akademiyası ilə bağlı olub.

 

Ukraynanın görkəmli alimləri - B.E.Paton, V.M.Qluşkov, A.V.Skoroxod, Gürcüstan - N.İ.Musxelişvili, R.V.Qamkrelidze, İ.N.Vekua, tanınmış özbək alimləri T.A.Sarımsakov və S.X.Sirajdinov və digərləri məhz, Elmlər Akademiyalarında yetişib formalaşmışlar. Bu dünyadan köçmüş, görkəmli Azərbaycan alimləri, akademiklər Yusif Məmmədəliyev, Həsən Əliyev, Murtuza Nağıyev, Cəlal Əliyev, Həsən Abdullayev, Çingiz Cuvarlı, Toğrul Şahtaxtinski və başqaları da Elmlər Akademiyasında yetişib, formalaşıblar.

 

Məşhur Fransa Elmlər Akademiyası (Fransa Akademiyası ilə səhv salmayın, ölməzlər Akademiyası deyilən, üzvləri cəmi 40 nəfərdən ibarətdir və məqsədi fransız dili və ədəbiyyatını öyrənməkdir) qeyri-rəsmi olaraq Paris Akademiyası adlanır. Bu Elmlər Akademiyası, riyaziyyat, təbiət elmləri və təbabəti inkişaf etdirmək üçün 1666-cı ildə XIV Lüdovik tərəfindən təsis edilmişdir. Artıq orta əsrlərdə dövlət rəhbərləri elmi tədqiqatların dövlətin inkişafı üçün əhəmiyyətini anlayır və Elmlər Akademiyasını təşkil etməklə ona xüsusi diqqət yetirirdilər. 17-18-ci əsrlərdə Fransa Elmlər Akademiyası Avropada elmi tədqiqatların önündə gedirdi. O, dünyada birincilərdən olmaqla dövlətin formalaşmasında öz töhfəsini vermiş, fundamental elmlərin inkişafında mühüm rol oynamışdır. Onun üzvləri Viktor Hüqo, Volter, Jan Leron d'Alember, Lui Paster, Cozef Lui Laqranj, Henri Puankare və başqaları kimi görkəmli xadimlər idi ki, onların adları müxtəlif elm sahələrinin inkişafı ilə bağlıdır və onları bəşəriyyətin irsi adlandırmaq olardı. Fransa Elmlər Akademiyasının əcnəbi üzvləri də A.N.Kolmoqorov və İ.M.Gelfand kimi görkəmli alimlər – XX əsrin ən böyük riyaziyyatçıları, görkəmli pedaqoqlar və riyazi təhsilin təşkilatçıları, məhşur kimyaçı D.İ.Mendeleyev, görkəmli fizik və ictimai xadim A.D.Saxarov və başqaları olmuşlar. Hazırda Fransa Elmlər Akademiyasının sıralarına dünya şöhrətli alimlər, Nobel mükafatı laureatları Jan Tirol (iqtisadiyyat) və Jerar Muru (fizika), Fields Medalı laureatı Pierre Lions və başqaları daxildir. Bu gün Fransanın beş Milli Akademiyası birləşib - Fransa İnstitutu adlanan, həm fundamental, həm də humanitar elmlər sahəsində mühüm işlər görən qurumdur və eyni zamanda Fransanın fəxridir.

 

Hazırda dünyanın bütün aparıcı ölkələrində Elmlər Akademiyaları dövlətin əsas iqtisadi rıçaqlarından biridir, çünki müasir iqtisadiyyatın inkişafı elmi komponent olmadan mümkün deyil. XX əsrin ortalarında dünya iqtisadiyyatının inkişafına güclü təkan verən riyazi iqtisadiyyat kimi elm sahəsi formalaşdı. Riyazi iqtisadiyyatın inkişafı görkəmli riyaziyyatçıların - iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı (1975), akademik L.V.Kantoroviçin və Manhetden layihəsinin iştirakçısı olan, əfsanəvi amerikalı alimi, müasir kompüterlərin quruluşunu təqdim  edən John von Neumann adları ilə bağlıdır. Hazırda iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının demək olar ki, hamısı bu elm sahəsinin nümayəndələridir. İnformasiya texnologiyalarının müasir inkişafı təkcə riyazi iqtisadiyyata deyil, ümumilikdə bütün iqtisadiyyata yeni nəfəs gətirmişdir. Riyaziyyat və informatikanın nailiyyətləri sayəsində dünya iqtisadiyyatında sıçrayış baş verdi. Buna görə də 2000-ci ildə Davos Forumunda XXI-ci əsrin əsas şüarı - İqtisadiyyat və İnformatika elan edildi. Müasir iqtisadiyyatın bir elm olaraq humanitar elmlər kateqoriyasından çoxdan çıxması barədə kifayət qədər təsdiqlənmiş fikirlər var. Onun inkişafı daha çox təbiət, mühəndis (texniki) elmləri, riyaziyyat və informatika ilə bağlıdır. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasında iqtisadiyyatın bir elm kimi humanitar elmlər bölməsindən çıxarılması və yeni, məsələn, İqtisadiyyat, İnformatika və Mühəndislik Elmləri bölməsinin yaradılması məqsədə uyğun olardı. Eyni zamanda texniki elmlər adından imtina edib onları mühəndislik elmləri adlandırmağa davam etmək lazımdır, çünki bütün dünya, o cümlədən Rusiya belə bu ada keçib. Psixologiyanın bir elm kimi inkişafına da diqqət yetirmək vacibdir, çünki müasir psixologiya effektiv elmi tədqiqatların aparılması üçün vacib komponentlərdən biridir. Bir çox Nobel mükafatı laureatları məşhur psixoloqlardır. Məsələn, 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı məşhur psixoloq Daniel Kahnemana verilib. Müasir psixologiya insan fəaliyyətinin demək olar ki, bütün sahələrinə nüfuz edir və onun istifadəsi müxtəlif bilik sahələrinin inkişafına müsbət təsir göstərir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, məşhur alim Corc Stiqlerdən “Niyə sosiologiya və psixologiya üzrə Nobel mükafatları yoxdur?” sualına - Narahat olmayın, - deyə cavab verdi, - psixologiya sahəsində bütün məşhur mütəxəssislər artıq iqtisadiyyat, ədəbiyyat və sülh üzrə Nobel mükafatlarını alıblar.

 

Azərbaycanda, ilk növbədə, dünyanın aparıcı mərkəzlərində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanmasını təmin etmək, eyni zamanda, təhsil sahəsində mühüm müsbət dəyişikliklərin baş verdiyi iqtisadiyyat universitetimiz - UNEC-in inkişafına diqqət vermək lazımdır. Mühüm sahə həm də inkişafı zamanın çağırışı olan iqtisadi kibernetikadır. Bu istiqamətlərdə dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə birgə mütəxəssis hazırlığına diqqət yetirmək lazımdır. Təqdirəlayiq haldır ki, bu yaxınlarda Bakıda, Azərbaycan Dövlət Pedaqoji Universitetində dövlət proqramı çərçivəsində məşhur Corc Vaşinqton Amerika Universiteti ilə birgə proqram çərçivəsində magistr tələbələrinin ilk buraxılışı olmuşdur. Belə proqram nəticəsində tələbələr həm Azərbaycan, həm də Amerika universitetlərinin diplomlarını alıblar. Burada vurğulamaq yerinə düşər ki, Corc Vaşinqton Universitetində bir illik təhsil təxminən 40.000 ABŞ dollarına yaxındır. Buraya yaşayış, yemək, yol və cib xərclərini də əlavə etsək, iki ildə təxminən 100-120 min ABŞ dolları məbləğində vəsait əldə edirik. Bu müştərək proqrama əsasən, dövlət praktiki olaraq bütün xərcləri öz üzərinə götürdü. Bu, dövlətin təhsil sahəsinə göstərdiyi qayğının bariz nümunəsidir. Xüsusilə yuxarıda qeyd olunan sahələrdə belə birgə proqramların sayı artırılmalıdır. Belə proqramlar məqsədyönlü olmalı və dövlətin maraqlarını əks etdirməlidir. Elmlər Akademiyasının bölmələrinin iştirakı ilə fundamental elmlər sahəsində də belə proqramların həyata keçirilməsi, həm magistrlərin, həm də fəlsəfə doktorlarının hazırlanması məqsədəuyğun olardı. Bunun üçün Qərb ölkələrində qəbul olunmuş sistem üzrə fəlsəfə doktorlarının hazırlanması prosesini kökündən dəyişmək lazımdır. Demək olar ki, bütün postsovet ölkələri və Rusiyanın aparıcı elm və təhsil mərkəzləri bu sistemə keçiblər. Bu barədə əvvəlki məqalələrimdə dəfələrlə ətraflı yazmışam. Bu prosesi gecikdirməmək, mümkün qədər tez etmək lazımdır. Fakt budur ki, gec-tez belə bir problemlə üzləşəcəyik və bütün dünya bu sistemə keçdiyi kimi bizdə keçəcəyik, amma sual yaranır - niyə təxirə salırıq və ya nəyi gözləyirik, tamamilə anlaşılmazdır. Hər itirilmiş gün həm elmdə, həm də təhsildə keyfiyyət itkisidir.

 

Hər bir ölkənin müstəqilliyinin əsasını üç komponent təşkil edir. Müstəqillik Bəyannaməsi, bu bəyannamənin iqtisadi əsasları və müstəqil elan edilmiş ərazi üzərində suverenlik. Əgər ölkənin ərazi bütövlüyü pozulubsa, deməli, onun bərpası birbaşa onun iqtisadi qüdrəti ilə bağlıdır. Tarix göstərir ki, yalnız iqtisadi cəhətdən güclü dövlət öz ərazi bütövlüyünü bərpa edə bilər. Biz hamımız bunu ölkəmizin timsalında, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi iqtisadi cəhətdən güclü Azərbaycanın 30 ildən artıq işğal altında olan torpaqlarını işğaldan azad etməsinin timsalında gördük. Göründüyü kimi, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasını bütün əraziyə kifayət qədər iqtisadi dayaq və nəzarətə malik olmaması ilə izah etmək olar. Dünyada həmişə gücə hörmət ediblər. Əgər əvvəllər dövlətlərin gücü yalnız hərbi qüdrəti ilə ölçülürdüsə, bu gün dövlətin gücü onun iqtisadi gücüdür ki, bu da öz növbəsində hərbi gücünü müəyyən edir. Bütün çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən bir il sonra tarixi əhəmiyyətli layihənin - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin icrasına başlanıldı. Bu layihənin təkcə regional yox, eyni zamanda həm də dünya əhəmiyyəti var idi. Təkcə bu layihə deyil, həm də ondan sonrakı həyata keçirilən mühüm layihələr - Azərbaycan Prezidenti İlham Əliyevin ideyası əsasında yaradılan, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP qaz qolları Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təmin etdi. Amma ərazimizin 20%-i hələ də Ermənistanın işğalı altında olduğundan tam müstəqilliyə qədər hələ çətin illər var idi. Prezident İlham Əliyevin çoxvektorlu, incə, dərin düşünülmüş siyasəti 44 günlük Zəfər Müharibəsi ilə başa çatdı və nəticədə Azərbaycan praktiki olaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bu, dərin zəkanın, düşünülmüş taktikanın qələbəsi, ən əsası isə böyük dövlət xadimlərinə xas olan uzun illər üçün hazırlanmış siyasət idi. Bu gün dövlətimizin qabaqcıl inkişaf etmiş ölkələr sırasına çıxması üçün görüləsi işlər çoxdur və burada humanitar məsələlərə, xüsusilə elmə xüsusi önəm verilməlidir. Ölkəmizdə mənəvi dəyərlərin inkişafında və bərpasında Heydər Əliyev Fondunun, xüsusilə də dövlətin inkişafı üçün gərgin, lakin çox mühüm işlər görən onun Prezidenti Xanım Mehriban Əliyevanın mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Elmlər Akademiyası da bu istiqamətdə öz işini gücləndirməlidir.

 

Bütün aparıcı ölkələrdə Elmlər Akademiyalarının fəaliyyəti Elmlər Akademiyası haqqında xüsusi qanunla tənzimlənir. Azərbaycanda Milli Elmlər Akademiyası haqqında ayrıca qanunun hazırlanması da məqsədəuyğun olardı ki, bu qanunda onun iş mexanizmi aydın şəkildə göstərilsin. Bu Qanunda dövlətin iqtisadi qüdrətinin inkişafında Elmlər Akademiyasının rolu öz əksini tapmalı, Elmlər Akademiyasının maliyyələşdirilməsi, sosial məsələləri və iqtisadiyyatımızın və dövlətimizin inkişafında onun roluna töhfə verəcək hər şeyi dəqiq müəyyən edilməlidir. Həmçinin Qanunda qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində istənilən elmi ekspertiza Milli Elmlər Akademiyasının iştirakı ilə aparılmalıdır. Bu, AMEA-nın Azərbaycanda iqtisadi inkişaf proseslərində daha fəal iştirakına imkan verəcək, həm də ona əlavə vəsait gətirəcək. Məsələn, növbəti 5 il üçün tədqiqatların maliyyələşdirilməsini artırmaq üçün bir plan hazırlamaq mümkün olardı. Hazırda Azərbaycanda elmə ayrılan xərclər ÜDM-in 0,2%-ni təşkil edir və bu xərclərin bir neçə il ərzində tədricən ən azı 1%-ə qədər artırılmasını təmin etmək yaxşı olardı, baxmayaraq ki, bir çox ölkələrdə 2%-ə çatdırılması qarşıya qoyulmuşdur. Belə bir plan Rusiyada 2000-ci illərin əvvəllərində uğurla həyata keçirilib və hazırda Özbəkistanda həyata keçirilir. Özbəkistanda son bir ildə elmi-tədqiqat xərcləri 36%-dən çox artıb. Rusiyada elmə ayrəlan xərclər ÜDM-in 2,4%-ni təşkil edir və ildən-ilə artır. Onların, demək olar ki, üçdə ikisi (63%) tətbiqi elmi tədqiqatların, 37%-i isə fundamental tədqiqatların dəstəklənməsinə yönəlib. Büdcədən maliyyələşdirilən tətbiqi elmin əsas vəzifəsi milli iqtisadiyyatın inkişafıdır: ayırmaların 41,7%-i belə tədqiqatların payına düşür.

 

Hazırda Azərbaycanda fəlsəfə doktorları və elmlər doktorlarının maaşlarında, ali təhsil müəssisələrində çalışan alimlərlə Elmlər Akademiyası arasında böyük (demək olar ki, iki dəfə) fərq var. Azərbaycanın ali təhsil müəssisələrində əmək haqqına əlavələr tələbələrin ödənişli təhsili hesabına həyata keçirilir. “Elmlər Akademiyası haqqında” qanunda, məsələn, Elmlər Akademiyası sistemində tam ştatla işləyən fəlsəfə doktorlarının əməkhaqqına minimum əmək haqqının 2 misli miqdarında artım verilməsini müəyyən etmək mümkün olardı, elmlər doktorları üçün isə minimum əmək haqqının 3 misli. Belə yanaşma, bu boşluğu aradan qaldırmağa imkan verərdi və şübhəsiz ki, Elmlər Akademiyasına istedadlı gənclərin axınına, aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərərdi. Belə bir norma büdcədən ildə 10 milyon manata yaxın vəsait tələb edəcək ki, bu da dövlət nöqteyi-nəzərindən böyük məbləğ deyil və əminəm ki, dövlətimiz buna kifayət qədər qadirdir. Məsələ burasındadır ki, Elmlər Akademiyasının əməkdaşları qazanc dalınca əlavə iş (məsələn, repetitorluqla məşğul olmaq və ya məqalə hazırlamaq bacarığı və s.) tapmağa çalışırlar ki, bu da onların elmi fəaliyyətinə mənfi təsir göstərir. Elmlər Akademiyası təkcə elm deyil, həm də təhsil ocağıdır. Elmi tədqiqat aparan akademik işçilər özləri öyrənir və gənc tədqiqatçılarıda öyrədirlər və yetişdirirlər.

 

Uşaq vaxtı Kirovabad şəhərində (indiki Gəncə şəhəri) məktəbli olanda hərdən məktəbimizə müxtəlif tədbirlərə gələn professorlara biz şagirdlər onlara heyrətlə baxardıq. Eyni zamanda biz ən hörmətli şəxsləri sırasında olan müəllimlərimizlə fəxr edirdik. Bu gün çox təəssüf ki, cəmiyyətimizdə yaxşılığa doğru deyil, çox şey dəyişib. Aydındır ki, zaman dəyərlərin miqyasını dəyişir, bununla belə hesab edirəm ki, alimlər, müəllimlər, ümumən ziyalılar hər bir dövlətin hərəkətverici qüvvəsidir və onların öz dəyəri olmalı, cəmiyyətdə hörmətli, layiqli yer tutmalıdırlar.

 

Bir dəfə Yaponiyanın baş nazirindən soruşduqda - Yaponiyanın sürətli elmi-texniki tərəqqisinin səbəbi nədir, o, obrazlı şəkildə cavab verdi - biz alimlərə baş nazirin maaşını, diplomatik toxunulmazlığı və imperatora olan hörməti verdik. Aydındır ki, bu sözləri hərfi mənada qəbul etmək lazım deyil, amma alim və müəllimlər cəmiyyətdə layiqli yer tutmalıdırlar.

 

1979-cu ildə Ümumdünya Elmlər Akademiyasının yaradılmasının təşəbbüskarlarından biri olan məşhur fizik Əbdüs Salam, öz Nobel nitqində demişdir: “Ən dərin elmi əsər Qurandır. Amma bu gün müsəlman dünyasında real həyatla Quranda təsvir olunan həyat arasında bir boşluq var. Bu boşluğu doldurmaq hər bir müsəlmanın müqəddəs borcudur. Bu boşluğu dolduran şəxslər dünyanın ən yüksək mükafatlarına layiq görülürlər”. Əbdüs Salam dünyanın ən yüksək elmi mükafatı olan Nobel mükafatına layiq görülən ilk müsəlman alimi oldu. Elmin nə qədər əhəmiyyətli olması haqqında hələ 7-ci əsrdə Peyqəmbərimiz öz hədislərinin birində deyirdi ki, bir gün elmlə məşqul olmaq, 70 illik namazdan vacibdir.

 

 

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş katibi

AMEA-nın akademiki, Dünya Elmlər Akademiyasının üzvü