Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 14:44:00
Şagirdlərin belini "qırmamaq" üçün necə çanta seçək? - Normalar açıqlandı

Yeni tədris mövsümünə hazırlıq məktəbli çantalarının keyfiyyəti ilə bağlı iradları aktuallaşdırdı. Çünki keyfiyyətsiz çantalar uşağın səhhətində problemlər yarada, xüsusilə onurğa sütununun deformasiyalarına səbəb ola bilər.

AzEdu.az xəbər verir ki, hazırda paytaxtın məktəbli bazarında 10 manatdan 200 manatadək müxtəlif ölkələrdən gətirilmiş çantalar satışdadır. Əsasən Çindən gətirilmiş və nisbətən ucuz təklif edilən çantalar daha çox satılır. Metronun “28 May” stansiyasının çıxışındakı məktəbli yarmarkalarında Çin, Rusiya və Türkiyə istehsalı çantalar alıcı axtarır. Satıcıların sözlərinə görə, Rusiya və Türkiyə istehsalı çantaların qiyməti 25 manatdan başlayır, amma valideynlər keyfiyyətə deyil, qiymət və görkəmə üstünlük verirlər.

Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, seçim edərkən çantanın ağırlığının uşağın bədən çəkisinin maksimum onda biri qədər olmasına diqqət yetirilməlidir.

Pediatr Vaqif Qarayev virtualaz.org-a bildirib ki, son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyaları, skolioz, kifoz, lordozla bağlı müraciətlər artıb. Bunun bir səbəbi də ibtidai sinif şagirdlərinə optimal ağırlıqda məktəbli çantaları seçilməməsidir.

Pediatr seçim edərkən diqqətli olmağı məsləhət görür. Onun sözlərinə görə, çanta kürəyə tam oturmalı, hər iki çiyinə eyni ağırlıq düşməlidir. Portfeldən istifadə etmək düzgün deyil, çünki ağırlıq bir tərəfə düşür. Tez-tez təmizlənməsi üçün çantanın materialının sintetik olması məsləhətdir. “Çantanın ağırlığı içərisindəki məktəb ləvazimatları ilə birlikdə uşağın çəkisinin 10 faizə qədəri olmalıdır. Məsələn, 6 yaşlı uşağın bədən çəkisini 22 kiloqram götürsək, çantanın ağırlığı 2,2 kiloqramdan artıq ola bilməz”, - mütəxəssis deyir.

Amerika Pediatriya Akademiyası da məktəbli çantaları ilə bağlı normativləri təqdim edib: I sinif - 1,2 kiloqram, II sinif - 1,6 kiloqram, III sinif - 2,3 kiloqram, IV sinif - 2,6 kiloqram…

Həkim Nərgiz Məmmədova da deyir ki, xüsusilə uşaqların inkişaf dövrlərində bədən çəkisindən ağır çantalardan istifadə etmələri gələcəkdə ciddi poblemlər yaradır. Bunun üçün valideynlərin üzərinə məsuliyyət düşür, seçim edərkən görkəmə deyil, materialın keyfiyyətinə, tikilişinə diqqət edilməlidir: “Ötən il məlumat yayılaraq yalnız Mingəçevir və Yevlaxda 500-dən çox məktəblidə skoliozun ilkin əlamətlərinin aşkarlandığı bildirildi. Həkimlər daim xəbərdarlıq edirlər, amma görünür nəticə çıxaran azdır. Onsuz da dərsliklər çoxdur, əlavə materiallarda çantanı yükləməsinlər”.