
Son illərdə Azərbaycan bölgələrindən ali təhsil müəssisələrinə qəbul olanların sayı artır. Onlar yüksək göstəricilərlə müxtəlif universitetlərə daxil olurlar. Bu qəbul imtahanlarında 880 məzunu universitetə daxil olan bölgələrdən biri də Şəki rayonudur.
2017-2018-ci tədris ilində Şəki rayon təhsil müəssisələrində ali məktəbə daxil olmaq üçün sənəd verən məzunlardan 880 nəfəri universitetlərə qəbul olunub. Şəki Şəhər Təhsil Şöbəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, bu məzunlardan Aytac Hüseynli, Ayşən İmamverdiyeva, Fərda Kərimov, Yusuf Xəlil “qızıl medalla” təltif ediliblər. Bir məzun 700, 81 məzun 600 baldan çox, 215 məzun isə 500-dən yüksək nəticə göstərib.
Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərini 1740 şagird bitirib. Ötən il isə 1694 məzundan 546 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
Elşən Ramizoğlu