
Bakı Slavyan Universitetində (BSU) birinci turda tələbə adını qazanan abituriyentlərin qeydiyyatı yekunlaşıb. Nəticələrə əsasən, bu il BSU-nu seçən gənclərin sayı xeyli artıb. Belə ki, 2018-2019-cu tədris ili üçün universitetə 1085 tələbənin qəbulu nəzərdə tutulub. Birinci turda bakalavriat pilləsinə qəbul olunan gənclərin artıq 978-i qeydiyyatdan keçib. Bu isə plan üzrə qəbulun 90 faizindən çoxu deməkdir.
Bu barədə AzEdu.az-a BSU-nun sənəd qəbulu üzrə komissiyanın məsul katibi, dosent Nəsib Cəbrayılov bildirib. Onun sözlərinə görə, ikinci turda universitetə qəbul olunan tələbələrin qeydiyyatı davam edir.
Qeyd edək ki, BSU-nu seçən gənclərdən 72-si qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Bir tələbə isə 622 bal toplayaraq bu universitetin tələbəsi adını qazanıb. Xarici dil müəllimliyi (ingilis dili üzrə), tərcümə (ingilis dili üzrə), ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarını seçənlər üstünlük təşkil edir.