Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 14:48:46
Valideynlər uşaqları məktəb yaşına qədər necə bədbəxt edirlər? – Stress və travmaların zədələdiyi balacalar  

Bu gün  elə  valideynlər var ki, uşağın aqressivliyindən şikayətlənir.  Amma valideyni başa salmaq olmur ki, uşağınızda aqressiyanı, özgüvənsizliyi elə sizin ailədaxili mühitiniz yaradıb”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, ailədaxili  münaqişələrin  uşaqların  tərbiyəsində onların xasiyyətlərinin formalaşmasında öz təsiri var:

“Uşaq ən çox ailə daxilində olduğuna görə, ona  valideynlərinin  təsiri daha çoxdur.  Uşağın xarakterinin formalaşmağa başladığı dövrdən etibarən, ətrafın münasibəti ona müəyyən təsir edir. Bir uşağın xarakterinin formalaşmasına ona ətrafdan edilən münasibət  təsir edir.  Uşaq ailədə ana-atasının, nənə-babasının, ana ilə nənənin, ata ilə nənənin  ailədaxili konfliktini  görürsə, mütləq bunun təsiri onda əks olunur.  Uşaq  bir qadının  bir kişiyə  necə münasibət göstərdiyini  artıq şüuraltına yeridir və gələcəkdə özü elə olmağa başlayır. Uşaq nənəsi ilə anası dalaşanda   artıq şəxsiyyətlərarası problemləri öz xarakterinə uyğunlaşdırır”. 

Psixoloqun  sözlərinə görə, uşaqda əgər özgüvənsizlik, acizlik, aqressiya, inad  varsa, bu,  onun  ailədaxili mühitdən formalaşan  xarakteridir. 

 “Ailədaxili münaqişələr uşağın  daha çox məntiqini korlayır. Bu yaş ötdükcə daha çox  cəmiyyətdə  və  iş həyatında öz təsirini göstərir.  Uşaq körpə ikən  ailədə müəyyən münaqişə  mövcud olursa,  bu,   onun yeniyetməlik dövrünədə   öz mənfi  təsirini göstərir. Ailədaxili münaqişələrdə çox zaman valideynlər uşaqları qarşı tərəfə  “görürsən atan belədir “, ”anan belədir”və s.  kimi sözlərlə   silah kimi istifadə edir. Uşağı qarşı  tərəfə silah kimi işlətmək düzgün deyil  və qəti qadağandır.  Bununla valideyn  bir insanı bədbəxt etmiş olur.   Bu daha çox uşağa zəhərli və  zərərli bir şeyin verməsinə bənzəyir. Bununla  onun bədənini zəhərləyirsiniz”.

 Psixoloq Gülnar Səttarova açıqlamasında bildirib ki,  ailənin uşaq üzərindəki  ilk təsiri son dərəcə  önəmlidir.  Ata-ananın  və ailənin digər üzvlərinin  uşağa olan təsiri , uşağın ailə daxilindəki  yerini müəyyənləşdirməkdədir.  

“Ailə üzvlərindən  biri digərini istismar etdiyində, uşaqların  özünü güvəndə  hiss etməsi   çox çətin olur,  ailəyə olan güvəni itir.   Ailədaxili şiddət zamanı valideynlər  öz qorxularını uşaqlara  yansıdırlar. Uşaqlar  valideynlərinin   öz evlərində necə  qorxduqlarını görür, ağlayır-qışqırır, təsəlli oluna bilmirlər.  Nəticədə, belə  münaqişələr  zamanı uşaqların  valideynləri ilə qurduqları  bağlar güvənsiz olaraq qalır. Əlavə olaraq istismar olunan  analar uşaqlarını  yetərsiz  gördükləri üçün  özlərinin yaxşı ana olmadıqlarını   düşünürlər. Ailədaxili münaqişələr  güvənli bağlılığın  inkişafına mane olmaqla yanaşı, eyni zamanda,  uşağın normal  psixoloji inkişafına   da  öz təsiri var. Uşaqlar duyqularını göstərməkdə  və yönləndirməkdə  çətinlik çəkirlər.  Sonra bu  neqativ  duyğuları basdırmağa  çalışaraq  xroniki problem halına  gətirirlər”. 

Psixoloq əlavə olaraq qeyd edib ki, mütəxəssislər  istismara məruz qalan uşaqlarda mənlik duyğusunun və özgüvən probleminin  yaşadığını müəyyən ediblər. 

 “İstismara məruz  qalan uşaqlar travma  sonrası stress  pozğunluğundan əziyyət çəkirlər. Müşahidələr göstərir ki, ailədaxili   istismara məruz qalan   uşaqlarda  yaranan tramvalar  unudulmur,  onlar tez-tez  yaşananları  xatırlayırlar.  Məsələn, oyun  oynadıqları zaman   hər hansı   bir situasiya  keçmişlə  bağlı nəyəsə  bənzəyirsə , o travmanı xatırlayırlar.  Belə ailələrdə  uşaqlar məsuliyyət almaqda tərəddüd edirlər.    Öyrəndikləri, bacardıqları  unuda bilirlər, çox oynamazlar və sosial danışmazlar. Belə  uşaqlar böyük  ehtimalla  daim narahat olurlar.  Nəticə  olaraq,  yatmaqda  və  diqqətlərini  toparlamaqda çətinlik çəkirlər onlar xarici  qıcıqlandırıcılara  həddindən  artıq  kəskin  reaksiya  göstərirlər.  Nəzərə almalıyıq ki,  belə ailələrdə  böyüyən  və istismara  məruz  qalan, tramva alan uşaqlar uzman bir psixoloqdan  müalicə  almaları  həyatı önəm daşıyır.  Uşaqların sağlam,  xoşbəxt ailə  içində böyüməsi üçün ehtiyac  hiss etdikləri  köməyi almalarına  dəstək olmalıyıq”.

Günel YAŞARQIZI