Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-04 12:55:00
Memarlıq ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat başa çatıb

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər/subbakalavrlar üçün qabiliyyət imtahanına qeydiyyat başa çatıb.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

 

Qeyd edək ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı azı 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər/subbakalavrlar iştirak edə bilərlər.

 

DİM qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən, lakin I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olan abituriyentlərin nəzərinə çatdırır ki, onlar ixtisas seçimində iştirak edə bilməyəcəklər.

 

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər (subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

 

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2022-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1 ci nömrəsində verilib.