Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 17:06:00
İlahiyyat İnstitutunda tələbə qeydiyyatı başa çatıb    

Azərbaycan İlahiyyat İnstitutundan AzEdu.az-a verilən məlumata görə, institut üçün ödənişsiz əsaslarla nəzərdə tutulan bütün plan yerləri dolub. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu həyata keçirilib. Artıq bu gün sonuncu abituriyent də instituta sənədlərini təqdim etməklə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən abituriyyentlərdən dinşünaslıq ixtisası üzrə ən aşağı bal 217, ən yüksək bal 463, islamşünaslıq ixtisası üzrə ən aşağı bal 177, ən yüksək bal isə 396 bal olub.

Azərbaycan Prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutu ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir.

Məlumat üçün bildiririk ki, 2018-2019-cu tədris ili üçün ilk dəfə tələbə qəbulu həyata keçirilib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılıb.

 Azərbaycan İlahiyyat İnstitutunda tədrislə bağlı hazırlıq işləri davam edir. Təhsil standartları hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunub. Hazırda tədris planı və tədris ili ilə bağlı digər işlər yekunlaşmaq üzrədir.

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq.