Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 11:01:00
Avropa İttifaqının  təhsil və təlim sahəsinə dair 2021-2030-ci illər üçün hədəfləri

 

Bir qədər öncə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində 2030-cu ilə qədər hədəf qoyduğu təhsil üzrə strateji fəaliyyət istiqamətlərini təqdim etmişdim. İndi isə Avropa İttifaqının təhsil və təlim üzrə 2030-cu ilə qədər nail olmağı hədəflədiyi strateji fəaliyyət istiqamətlərinə birgə nəzər yetirək. Avropa İttifaqının təhsil və təlim sahəsinə dair prioritetləri 2021-2030-cu illəri əhatə edən Strateji Çərçivə sənədində əks olunub.

 

AzEdu.az avropa İttifaqının təhsil və təlim sahəsinə dair prioritetləri 2021-2030-cu illəri əhatə edən Strateji Çərçivə sənədini təqdim edir.

 

Strateji prioritet 1: Təhsil və təlim sahəsində hamı üçün keyfiyyət, bərabərlik, cəlb olunma və uğurun inkişaf etdirilməsi.

Cəmiyyətdə, iqtisadiyyatda və əmək bazarında baş verən transformasiyalara uyğunlaşa bilmək üçün zəruri bilik, bacarıq, səriştə və münasibətlərə yiyələnmək lazımdır. Vətəndaşların şəxsi və peşəkar inkişafına nail olmağın ən doğru yolu təhsil və təlimdən keçir.

 

Strateji prioritet 2: Hamı üçün ömürboyu təhsil və mobilliyin təmin olunması.

Texnoloji, iqlim və iqtisadi çətinliklər bizim həyatımıza və iş mühitimizə, eləcə də peşə və ixtisaslara olan tələblərə daim təsir edir. Xüsusilə işçilərin rəqəmsal bacarıqlara yiyələnməsinə olan tələblər artmaqdadır. Gələcəkdə insanların peşə və ixtisaslarını dəyişmək, birindən digərinə keçid etmək daha dinamik və çevik hal alacaqdır. Odur ki, bu prosesi rahat və səmərəli təşkil və idarə etməyə ehtiyac vardır.

Strateji prioritet 3: Təhsil ixtisası üzrə səriştə və motivasiyanın artırılması.

Müəllimlər, təlimçilər, pedaqoji və idarəçi heyət təhsil və təlim prosesinin mərkəzində yer alır. Təhsildə innovasiyalar, iştirakçılıq, keyfiyyət və nailiyyətləri dəstəkləmək üçün təhsil işçiləri daim peşəkar öyrənmə imkanlarına malik olmalıdırlar. Səriştələrin inkişaf etdirilməsi bütün karyera boyu davam etdirilməlidir.
Strateji prioritet 4: Ali və orta ixtisas təhsilini gücləndirmək.

 


Ali və orta ixtisas təhsili dövlətlərin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Son zamanlar, ali və orta ixtisas təhsili qarşısında bir sıra çağırışlar yaranmışdır ki, onların uğurlu həlli bir sıra yeni imkanların yaranmasına və inkişafa yol açacaqdır. Bu mənada ali təhsilin qarşısında duran məqsədlər və proqramlar da dəyişən şəraitə və tələblərə uyğunlaşdırılmalıdır.


Strateji prioritet 5: Təhsil və təlimdə yaşıl və rəqəmsal keçidlərin dəstəklənməsi.


Yaşıl və rəqəmsal keçidlər Avropa İttifaqının gələcək 10 ildə əsas prioritetini təşkil edəcəkdir. İqlim cəhətdən dayanıqlı, sirkulyar və iqlim neytrallığına malik iqtisadiyyat, o cümlədən rəqəmsal dünya, dövlətlərin sosial, iqtisadi və əmək bazarına əhəmiyyətli dərəcədə təsir edəcəkdir. Təhsil və təlim sistemləri və təsisatları bu prosesdə katalizator rolunu oynaya bilər və öz təsisatları daxilində yaşıl və rəqəmsal ölçüləri təşkilati inkişaf strukturuna daxil edə bilər. Bu kontekstdə, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın (STEAM) modernləşdirilməsi vacibdir.


Qeyd edim ki, ölkəmizdə son illərdə təhsil üzrə qəbul edilmiş strategiya sənədlərində həm BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, həm də Avropa İttifaqının Təhsil və Təlim sahəsində Əməkdaşlığa dair Strateji Çərçivə sənədində əks olunmuş hədəflər və prioritetlərin bir çoxu nəzərə alınmışdır