Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-31 16:50:00
Bakıda daha bir beynəlxalq elmi konfrans keçiriləcək  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə Bakıda sentyabrın 4-dən 7-dək “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirin keçirilməsinin əsas məqsədi müasir dövrdə coğrafi informasiya sistemlərindən (CİS) elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkara çıxarmaqdır.

Konfransda Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrin nümayəndələri - elm adamları iştirak edəcəklər. Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən gəlmiş 150-dək alimin məruzələri dinlənilib müzakirə olunacaq. Sonda müvafiq qərar qəbul edilərək əlaqədar və marağı olan təşkilatlara göndəriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verib. Bu sərəncamların icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır.