Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 09:30:14
Gənc mühəndislərin yay düşərgəsi başa çatıb  

Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə avqustun 18-dən 23-dək Qusar Olimpiya İdman Kompleksində keçirilən gənc mühəndislərin yay düşərgəsi başa çatıb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, bağlanış mərasimindən öncə Qusar rayon Şəhidlər xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi yad olunub.

Düşərgənin bağlanış mərasimində çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev mühəndislik sahəsinin önəmini qeyd edib. O, bu cür düşərgələrin gənclərarası şəbəkələşmə, tərəfdaşlıq əlaqələrinin qurulması, eləcə də əylənərək öyrənmək baxımından əhəmiyyətini vurğulayıb. Sədr 5 gün ərzində düşərgə iştirakçıları ilə biliklərini bölüşən, akademik tövsiyələri ilə düşərgə proqramına töhfə verən peşəkar mühəndis və təlimçilərə minnətdarlığını bildirib.

“Düşərgə müddətində iştirakçılar fəallıq göstərdilər. Ümid edirəm ki, burada yaranan intellektual mühit gənclərimizin gələcəkdə elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına layiqli töhfələr verməsinə zəmin yaradacaq”, - deyə Elmir Babayev əlavə edib.

O, Gənclər və İdman Nazirliyi ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən bu tip genişmiqyaslı layihələrin davamlı olmasını arzulayıb.

Qeyd edilib ki, düşərgədə “U-Sin konsepsiyası”, “Portativ elektronik cihazların enerji təminatının ödənilməsində triboelektrik nanogeneratorların tətbiqi”, “Mexatronika”, “Pilotsuz uçuş aparatları və onların proqram təminatı”, “Elektrofiziki proseslər əsasında elektroenergetikanın ekoloji məsələlərinin həlli üzrə effektiv üsullar”, “Oil Production: Topsides Operations”, “Universitet-sənaye əmakdaşlığının innovasiya ekosistemində rolu”, “Horizone Europe”, “Chemical NanoEngineering” Erasmus Mundus Proqramı”, “Mühəndislik ixtisası üzrə xaricdə təhsil”, “İqlim dəyişikliyi”, “Bioplastiklər”, “Kainat nöqtədən bu günə”, “Nanoquruluşlar, onların sintezi və perspektiv tətbiq sahələri”, “Alternativ enerji mənbələri və onların perspektivləri”, “Gənclərin bədii yaradıcı aktivliyinin önəmi” adlı təlim, seminar və mühazirələr keçirilib. Həmçinin “Brain ring” intellektual-əyləncəli oyunu, şahmat, dama, stolüstü tennis, voleybol yarışları və bədii intellektual müsabiqələr təşkil edilib.

Sonda düşərgə müddətində keçirilmiş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.