Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 12:56:00
“Təhsildə hansısa şəxslər tərəfindən buraxılan səhvlər ciddi zərərlər verir”-Nadir Israfilov

“Nə olur-olsun, doğma dil doğmalığında qalır. Ürəkdən danışmaq istəsən, ağlına bir fransız sözü gəlməz. Əgər seçilmək istəyirsənsə, bu başqa məsələ.”

Lev Tolstoy
Rus dilində tədrislə bağlı da müəyyən problemlər yaşanır. Bununla bağlı fikirləriniz maraqlıdır…

Nazirin son brifinqə “Təhsildə hansısa şəxslər tərəfindən buraxılan səhvlər ciddi zərərlər verir” açıqlamasını elə rus dilində tədrisin problemə çevrilməsi məsələsinə də şamil etmək olar. Mən də uşağın ilk təhsilini doğma ana dilində almasının tərəfdarıyam və bunu təqdir edirəm. Lakin, hökm və ittiham xarakterli "rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq”,“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”, "Uşaqlarımızı başqa dildə oxutmaq, onları milli kökdən ayırmaqdır", "Ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalıdır” kimi radikal çağırışlar, ən yumşaq halda dövlətlərarası münasibətləri gərginləşdirməkdən başqa bir şey deyildir.
Məsələ burasındadır ki, qaldırılan istənilən məsələ statistika baxımından diqqət çəkən ola bilər. Razılaşaq ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Bakı məktəblərində şagirdlərin 16-17 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm daha yüksəkdir. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit adlandırılan məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 90-cı illərin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, o illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi.

Lakin bu statistika ona əsas verə bilərmi ki, məsələni siyasi müstəviyə keçirib, sərt və birmənalı açıqlama verəsən? Azərbaycan bölməsi üzrə dərs saatlarını azaltmaq və keyfiyyətsiz tədris yolu ilə rus dilinə onsuz da "lazım olandan” artq zərbə vurmuşuq və bunun fəsadları üzdədir, hələ bir müddət bundan sonra da üzə çıxmaqda davam edəcək. Lakin problemlərimizi rus dilində tədrisdə axtarmaq və bundan çıxış yolunu rus bölməsinin ləğv olunması yolu ilə həll etmək son dərəcə qüsurlu olduğu qədər də ziyanlı bir mövqe deyilmi? Bu, eynilə ona bənzəyir ki, xəstəni tutulduğu azardan xilas etmək üçün müalicə etməkdənsə, ən kəsə yol onu öldürməkdir.
“Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir. 2019-cu ildən etibarən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir. Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər. Bu məhdudiyyət kifayət deyilmi? Təəssüf ki, bir çox hallarda bu elementar müsahibələr də ciddi imtahana çevrilir.

Problem odur ki, xeyli sayda vakant yerlər olduğu halda həmin vakansiyalarda işləyəcək rus dilli müəllim tapmaq müşkülə çevrilıb. Baxmayaraq ki, hətta rusdilli müəllimlərin məktəblərə cəlb edilməsi üçün MİQ imtahanlarında keçid balı 30-a salınıb. Kəsəsi, Rusdilli müəllim niyə tapılmır? – sualı ilə üzbə-üz qalmışıq. Niyə…? Niyəsi odur ki, vaxtında işimizi düz qurmadıq, proqnozlaşdırmadıq. Müstəqillik əldə olunandan sonra rus dilini xarici dillər qrupuna keçirərkən vəziyətə nəzarəti həyata keçirmədik. Birdən - birə rus dilinin tədrisini formal xarakter daşıyan fakultativ məşğələlərin ümidinə buraxdıq. Bəzi məktəblərdə isə ümumiyyətlə keçilmədi. Nəticədə dərs saatları kəskin şəkildə azaldı. Savadlı və təcrübəli rus dili müəllimləri öz peşələrindən dər-bədər düşdü. İndi başlamışıq ki, rus bölmələrində niyə yer yoxdur dilemması üzərində baş sındırmağa.

Təhsil qanununvericiliyimizdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək vaxtı çatıb?

Son illər övladlarını rus bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımının müşahidə olunması, bu danılmazdır. Bununla belə, bu təbii artımın süni yollarla qarşısının alınması da yolverilməzdir. O ki, qaldı bunun məhz rus bölməsində tədris səviyyəsinin yüksək olması ilə izahına bu da nə vaxtsa rusdilli uşaqların dünyagörüşünün, intellektual səviyyəsinin yüksək olması, nizam-intizamda mütəşəkkillik göstərmələri ilə bağlı yaranmış miflə əlaqədardır.

Bəs görəsən, valideynlərin övladlarını doğma ana dilində deyil, məhz rus dilində oxutmaq arzusu nədən qaynaqlanır? Rus bölməsinə qəbulun çətinləşdirilməsi belə valideynlərin övladlarını bu bölmədə təhsil almaq istəyini azaltmır. Bu halda istər-istəməz L.Tolstoyun yerinə düşən bir fikri yada düşür: “Nə olur-olsun, doğma dil doğmalığında qalır. Ürəkdən danışmaq istəsən, ağlına bir fransız sözü gəlməz. Əgər seçilmək istəyirsənsə, bu başqa məsələ.” Təəssüflər olsun ki, bu istəklərin bir çoxu, məhz seçilmək istəyindən qaynaqlanır...

(Davamı var)