
"Repetitorluq barədə müzakirələr cəmiyyətimizdə həmişə getsə də, son zamanlar bir az da aktuallaşıb. Xüsusilə də bəzi "ekspertlər" heç bir elmi tədqiqata söykənmədən ölkəmizdə geniş yayılmış bu fəaliyyəti birbaşa olaraq ölkəmizdə təhsilin səviyyəsi ilə bağlayır, bunun məhz Azərbaycanda bu qədər geniş yayılmasını, digər ölkələrdə belə yayğın olmamamsını iddia edirlər".
AzEdu.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib.
Nazir müşaviri təhsil keyfiyyətilə fərqlənən və repetitorluğun geniş yayıldığı dünya ölkələrindən danışıb:
"Bu yazı ilə repetitorluğa haqq qazandırmaq fikrində deyiləm. Azərbaycanda repetitorluğun geniş yayılmasının ümumi təhsil müəssisələrində keyfiyyətlə birbaşa bağlı olmaması ilə bağlı tədqiqat da aparmamışam.
Amma və lakin...
Dünya ölkələrində repetitorluq və onun ən müxtəlif aspektləri ilə bağlı geniş tədqiqatlar aparılıb. Elmi dildə bu hadisəni "kölgə təhsili" (shadow education) adlandırırlar. Gəlin həmin tədqiqatlardakı nəticələrin bir neçəsi ilə tanış olaq və ondan sonra ölkəmizdə bu hadisə ilə bağlı mühakimə yürütməyə çalışaq.
1. Repetitorluğun orta təhsilin aşağı keyfiyyətinin nəticəsi olması, yaxud da onlar arasında ciddi korrelyasiya əlaqəsinin olması ən azı dünyada aparılan tədqiqatlarda öz təsdiqini tapmır. Bu gün orta təhsilin keyfiyyətini beynəlxalq səviyyədə ölçən bir neçə qiymətləndirmə var ki, onlarda PİSA, TİMSS, PİRLS və s. PİSA-da 2018-ci ildə ən yaxşı nəticə göstərən ölkələrin (şəhərlər) ilk onluğu belədir: Çin (yalnız 4 şəhərdə keçirilib), Sinqapur, Makao, Honq-Konq, Estonia, Yaponiya, Cənubi Koreya, Kanada, Tayvan, Finlandiya. Deməli bu ölkələrdə orta təhsilin səviyyəsini (ortalama) əla və ya yaxşı adlandırmaq olar. İndi gəlin bu ölkələrdə "kölgə təhsili"nin, yəni repetitorluğun səviyyəsinə baxaq. Sinqapurun ən böyük ingilis dilli qəzeti olan The Straits Time qəzetinin 2015-ci ildə 500 valideyn arasında apardığı sorğuya əsasən hər 10 vallidyndən 7-si öz övladını ödənişli repetitor yanına göndərir. 2015-ci ildə Sinqapurluların bu məqsədlə xərclədiyi ümumi vəsait 1,1 milyard Sinqapur dolları olub ki, bu da 2004-ci ilə nisbətdə təxminən iki dəfə çoxdur (2004-cü ildə 650 milyon Sinqapur dolları).
Cənubi Koreyanın rəsmi stastika qrumunun məlumatına görə Koreyalı şagirdlərin təxminən 70%-i (2016) fərdi ödənişli repetitor xidmətlərindən yararlanır.
Honq-Konqda şagirdlərin 73,5%-i (2010) pullu repetitor xidməti alır.
Yaponiya Təhsil siyasəti tədqiqatları Milli İnstitutunun apardığı tədqiqata əsasən (2010) burada şagirdlərin 62%-i repetitorlardan istifadə edir. 2007-ci ildə Yaponiyada 37 000 məktəb var idisə, repetitor mərkəzlərinin (Yaponiyada onları cuku adlandırırlar) sayı 50 000 olub.
Müxtəlif sorğulara əsasən Estoniyada şagirdlərin 40-50%-i repetitor xidmətlərindən yararlanır.
Bundan başqa, Almaniyada 2016-ci ildə aparılmış şorğuya əsasən 17 yaşlı gənclərin 47%-i repetitordan yararlanıb.
2. Repetitorluq Cənubi-Şərqi Avropa dövlətlərində də çox geniş yayılıb. Yunanıstanda sonuncu sinif şagirdlərinin 96%-i repetitor yanına gedir. Kiprdə şagirdlərin 80%-i repetitordan istifadə edir. İtaliyada şagirdlərin 40%-i, İspaniyada 63%, Latviyada 46,4%-i, Maltada 78%-i, Polşada 50%-i, Slovakiyada 56%-i, Çexiyada 47%-i repetitorlara müraciət edir".
"Təhsilin keyfiyyəti ilə repetitorluq arasında səbəb-nəticə əlaqəsi tapmaq çətindir"
"Bütün tədqiqatlar göstərir ki, repetitorluq xidmətlərinin həcmi əksər dünya ölkələrində genişlənməkdədir. Məsələn, Niderlandda ev təsərrüfatlarının repetitorluğa xərclədiyi vəsait 2016-cı ildə 2005-ci ilə nisbətən 160% artıb.
Bu statistikanı kifayət qədər uzatmaq olar.
Lakin, əgər ölkələr üzrə statistik göstəricilərə fikir versək aydın görmək olur ki, repeptitorluq cənub və şərq ölkələrində daha geniş yayılıb. Bir sıra mütəxəssislər belə hesab edir ki, burda etnik-mədəni faktorların əhəmiyyətli rolu var. Məsələn, şərqi Asiya ölkələrində repetitorluğun geniş yayılmasının səbəb Konfutsian mədəniyyətdir. Buna sübut olaraq hətta ABŞ və Avstraliyada yaşayan çinli və koreyalı diaspora nümayəndələri arasında da bu ənənənin geniş yayılması göstərilir. Amma bu barədə ayrıca yazmaq lazım gələcək.
Hələlik statistik faktlardan ən azı belə nəticəyə gəlmək olar ki, təhsilin keyfiyyəti ilə repetitorluq arasında səbəb-nəticə əlaqəsi tapmaq çətindir.
Amma buna baxmayaraq bəzi ölkələrdə repetitorluğun məhdudlaşdırılması ilə bağlı da dövlət səviyyəsində tədbirlər nəzərdə tutulub. Bu barədə də ayrıca yazacam..."