
"Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsi çərçivəsində sentyabrın 1-dən başlanan təlimlər davam edir.
Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi və Təhsil İnstitutunun əməkdaşlığı ilə UNICEF-in “Digital Skills for Girls” proqramı çərçivəsində, STEAM, İKT və XXI əsr bacarıqları üzrə fəaliyyətlər vasitəsilə Azərbaycanda qızların bacarıq və istedadlarını dəstəkləmək üçün həyata keçirilir.
Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, layihə STEAM/İKT sahələrində təhsil və təlimlər vasitəsilə, eləcə də müəllimlər və ailələrin iştirakı ilə müvafiq sahələrdə əlverişli mühiti gücləndirməklə qızların bacarıqlarının inkişafına dəstək verəcək.
Layihə regionlardakı STEAM mərkəzlərinin nəzdində həyata keçirilir. Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində keçirilən təlimlərin əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.
Təlimlər dekabrın sonuna kimi davam edəcək.