
Yeni tədris ilinin başlaması kağız materiallara tələbatı yenidən gündəmə gətirib. İstər dərs vəsaitləri, istərsə dəftərlər, albomlar, məktəbdə istifadə olunan A4 formatlı kağızlar hazırda ən çox satılan məhsullar arasındadır. Məktəbli valideynləri iddia edirlər ki, belə məhsulların qiyməti ötən illə müqayisədə xeyli bahalaşıb.
Bu bahalaşmanın mövsümi xarakter daşıdığını demək olardı. Lakin yay aylarında da kağız qiymətlərinin yüksək olaraq qaldığını nəzərə alsaq, bu amil o qədər də inandırıcı görünmür.
AzEdu.az xəbər verir ki, report-a mövzu ilə bağlı açıqlama verən “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri kağız qiymətlərində eniş demək olar yaşanmayıb:
“Müharibədən əvvəl kağızın tonu 1 380 ABŞ dolları idi. Daha sonra bu rəqəm 2 100 ABŞ dollarına qədər artdı. Rusiya bazarından kağız ala bilmədiyimiz üçün bu vəziyyət yaşanır. Buna uyğun olaraq da, kağızdan istehsal olunmuş məhsulların, o cümlədən kitabların qiyməti də artır”.