
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə Bakıda sentyabrın 4-də “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfransı öz işinə başlayıb.
Konfransda Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən olan elm adamları iştirak edirlər.
AzEdu.az xəbər verir ki, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Prezident İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verdiyini diqqətə çatdırıb. Akademik qeyd edib ki, bu sərəncamların icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır. Konfransın əhəmiyyətini qeyd edən alim bildirib ki, beynəlxalq tədbirin keçirilməsinin əsas məqsədi müasir dövrdə coğrafi informasiya sistemlərindən (CİS) elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkara çıxarmaqdır.
Sentyabrın 7-dək davam edəcək beynəlxalq tədbirdə 150-dək məruzə dinlənilib müzakirə olunacaq.