
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.
AzEdu.az xəbər verir ki, İnstitut yüksək ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması məqsədi ilə tələbələrə xarici dillərə yiyələnmə və xaricdə təhsil imkanı yaradılacaq. Eyni zamanda, institutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanması nəzərdə tutulub.
Aİİ öz məqsədlərinə nail olmaq üçün kadrların seçiminə diqqətlə yanaşır. Yeni kadrların işə qəbulunu xüsusi komissiya həyata keçirir. Seçim 3 mərhələdə reallaşdırılır. Əvvəlcə komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirilir, sonra bu mərhələdən keçənlər müsahibəyə dəvət olunurlar. Müsahibədən uğurla keçənlər sınaq (demo) dərsinə cəlb edilir. Sonda komissiya üzvlərinin və müəllimlərin iştirakı ilə işə qəbulla bağlı yekun qərarlar verilir.
Məlumat üçün bildirək ki, institutda artıq sınaq (demo) dərslərinə başlanılıb. İlk dərs 3 sentyabr 2018-ci il tarixində İngilis dili fənni üzrə keçirilib. Sınaq dərsində institutun rəhbərliyi və müəllim heyəti iştirak edib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda ödənişsiz əsaslarla nəzərdə tutulan bütün yerlər dolub. İlk tədris ili üçün islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu həyata keçirilib.